Dekabrın 5-də Moskva şəhərində Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası işə başlayıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunur.
Sessiyanın açılış mərasimində Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalov iştirak edib. İqor Şuvalov sessiya iştirakçılarını salamlayaraq, onlara səmərəli və məhsuldar iş arzulayıb. Baş nazirin birinci müavini əmin olduğunu bildirib ki, Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası qarşıya qoyulan məqsədlərə çatacaq, eləcə də gömrük əməkdaşlığının möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Tədbirin gündəliyi qəbul edildikdən sonra Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Ruslan Davıdovun qeydləri və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın Strateji Planın həyata keçirilməsi üzrə hesabatı dinlənilib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək sessiyanın yüksək səviyyədə təşkilinə görə Rusiya hökuməti və Ümumdünya Gömrük Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında gömrük sahəsində münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan DGK sədri Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin beynəlxalq və regional səviyyədə əməkdaşlıq əlaqələri, gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri barədə də məlumat verib, eyni zamanda, 2010-cu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gələn Rusiya Prezidenti Dmitri Medvedevə Rusiyadan qanunsuz çıxarılmasına cəhd göstərilmiş və Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə olunmuş XIX əsrə məxsus 5 ədəd ikonanın təqdim edilməsini xatırladıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan gömrükçüləri tərəfindən saxlanılaraq müsadirə edilən ən nadir sənət incilərinin, o cümlədən Rusiya rəhbərliyinə təqdim olunan ikonaların da əks olunduğu “Gömrük muzeyinin xəzinəsi poçt markalarında” adlı nəşri Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalova hədiyyə edib.
Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası dekabrın 7-dək davam edəcək.
Sessiyada İqtisadi Rəqabət Paketi və Gəlirlər Paketinin 3-cü mərhələsi üzrə Fəaliyyət Planları, Özəl Sektor üzrə Məşvərət Qrupunun görüşünün nəticələri, Potensialın Gücləndirilməsi, Uyğunluq və Nəzarət, həmçinin Rəqəmsal Gömrük üzrə hesabatlar iştirakçıların diqqətinə təqdim olunacaq.
Bununla yanaşı, sessiyada elektron kommersiya, ticarətin sadələşdirilməsi, təhlükəsizlik üzrə təşəbbüs, fəaliyyətin qiymətləndirilməsi, gömrük-vergi əməkdaşlığı və qanunsuz maliyyə axınlarına qarşı mübarizəyə dair məsələlər müzakirə ediləcək.
Sessiyada Harmonik Sistem üzrə Komitənin qərarlarına dair qeyd-şərtlər, 2016-2018-ci illər üçün Strateji Plan, 2017-2018-ci maliyyə ili üçün büdcə Proqramı, ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr də aparılacaq.