İslahat yolu
18 aprel 2017 09:15 (UTC +04:00)

İslahat yolu

 

 

“Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranıb. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”. Bu sözlər 1994-cü il sentyabrın 20-də  Bakıda Gülüstan sarayında “Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında müqavilənin – “Əsrin müqaviləsi”nin imzalanma mərasimində prezident Heydər Əliyevin çıxışında yer alıb. Bu bəyanat təsadüfi deyildi. “Əsrin müqaviləsi” torpaqlarının 20 faizi işğal edilən, vətəndaş müharibəsi təhlükəsi yaşamış, müstəqilliyinə yönəlik ciddi təhdidlər olan, büdcəsində minimum sosial ehtiyacların qarşılanması üçün vəsait çatışmayan müstəqil Azərbaycan dövləti və xalqı üçün tarixi dönüş nöqtəsi idi. Zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətindir.

 

Müstəqilliyin iqtisadi bazisi və bazar iqtisadiyyatına keçid

 

Tarixi təcrübə də göstərib ki, müstəqillik ilk növbədə iqtisadi bazislə şərtlənir və Azərbaycanın da təcrübəsi bunu bir daha təsdiqlədi. “Əsrin müqaviləsi”nin memarı olan bu böyük dövlət xadimi bilirdi ki, neft-qaz sektorundan əldə ediləcək  gəlirlər həm də Azərbaycanın böhran vəziyyətinə düşmüş qeyri-neft sektorunun, regionlarının inkişafı üçün də əlverişli zəmin yaradacaq. Bir sözlə, “Əsrin müqaviləsi” ilə əsası qoyulan strategiya ümumən Azərbaycan iqtisadiyyatının inkişafının təminatçısı olmalı idi. Bu strategiya özünü doğrultdu. “Əsrin müqaviləsi”ndən sonra ölkəyə transmilli şirkətlər axışmağa, yeni neft və qaz müqavilələri bağlanmağa başladı, əhəmiyyətinə görə “Əsrin müqaviləsi”ndən geri qalmayan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri çəkildi. Eyni zamanda Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı.

 

Prezident kimi Heydər Əliyevin də fəaliyyətinin digər əsas istiqaməti islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək,  dünya iqtisadiyyatına inteqrasiya idi. Uğurlu neft-qaz strategiyası ölkədə makroiqtisadi sabitliyin təmin olunmasını şərtləndirdi və  bu da islahatların həyata keçirilməsinə zəmin yaratdı.  Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

 

Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirildi, 1996-cı ildən  ümumi daxili məhsul istehsalı ilbəil artmağa başladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixi dövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həmin illərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrü başladı. 1997-ci ildən sənaye məhsullarının istehsalında artım qeydə alındı. Neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək oldu. Digər istehsal sahələrində geriləmənin sürəti azaldı, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru da inkişaf etməyə başladı. 1991-1994-cü illərdə inflyasiyanın böyük sürətlə, hətta dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən başlayaraq sabitləşmə prosesi getdi, inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olundu. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə, xərcləri isə 72 dəfə artıq idi.

 

 

Şeydər Əliyev kursunun davamı

 

 

Prezident İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısı olduğunu ortaya qoydu. Neft-qaz sektorunda həyata keçirilən işlər nəticəsində Azərbaycanın dünyada enerji təhlükəsizliyi sahəsində rolu sürətlə artdı. Bu, mürəkkəb geosiyasi proseslər, böyük güclərin qarşıdurması fonunda Azərbaycanın müstəqilliyinə yönəlik təhdidlərin önlənməsində mühüm rol oynayır.  Hazırda Azərbaycan qazının Avropa ölkələrinə nəqli ilə bağlı TAP, TANAP və digər layihələri həyata keçirilir, bütün bunlar da sonda Azərbaycanın dünya qaz bazarında aparıcı rola yiyələnməsini şərtləndirəcək. Enerji resursu kimi son illər dünyada qaz amilinin rolunun sürətlə artması fonunda atılan addımların strateji önəmi illər keçdikcə daha qabarıq görünəcək.

 

Prezident İlham Əliyevin regionlara yönəlik həyata keçirdiyi siyasət də Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə bağlı idi. Başqa sözlə, neft-qaz sektorunda sürətli inkişafla paralel olaraq paytaxt Bakı da sürətlə böyüyən, inkişaf edən, çoxlu sayda yeni iş yerlərinin açıldığı mərkəzə çevrilməyə başladı. Bu proses xüsusən 1998-2003-cü illərdə özünü qabarıq göstərdi. Paytaxta axını isə regionlarda qeyri-neft sektorunun inkişafına nail olmaqla tənzimləmək mümkündür. Elə qeyri-neft sektorunda ciddi uğurların əldə edilməsi də ilk növbədə regionlarda sosial-iqtisadi inkişafa nail olmadan keçir.

Beləliklə, prezident İlham Əliyev 2004-cü il fevralın 11-də  regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 illik dövrü əhatə edən birinci Dövlət Proqramının  təsdiq edilməsi barədə fərman verdi. 2009-cu ildə regionların sosial-iqtisadi inkişaf ilə bağlı 2013-cü ilə qədərki dövrü əhatə edən ikinci Dövlət Proqramı qəbul edildi. Dövlət başçısı 2014-cü il fevralın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzaladı. Bu istiqamətdə görülən işlərin nəticələrindən danışarkən təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idisə, hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq da ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci il qədər isə iqtisadiyyatın neft amilindən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun iqtisadiyyatın əsas sahəsinə çevrilməsi hədəf seçilib.

 

Real nəticələr və perspektiv

 

Azad bazar iqtisadiyyatının bərqərar olduğu Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Bu səbəbdən qonşu ölkələrdə milli valyutaların kəskin şəkildə ucuzlaşması və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın da gəlirlərinə mənfi təsir göstərib, manat devalvasiyaya uğrayıb. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, təhdidlər artıb, yeni münaqişə ocaqları yaranıb, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşıb. Ancaq bütün bunlara baxmayaraq, dövlət başçısının həyata keçirdiyi davamlı islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə də öz inamlı inkişafını davam etdirib. Heydər Əliyev kursunu uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar dünyada qlobal böhranların Azərbaycana təsirini də neytrallaşdırmaqdadır. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycan neftlə zəngin az ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən çıxa bilib. Bu, ölkədə aparılan islahatlarla bağlıdır və prezidentin də çıxışlarında qeyd etdiyi kimi, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Keçən il ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulub, daxili sərmayə isə 3,7 milyard dollar olub. Bu, Azərbaycanın investisiya üçün cəlbedici ölkə olduğunu bir daha təsdiqləyir. Dünyada qlobal böhranın təsirlərinə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda qeyri-neft sektoru sürətli inkişafı ilə diqqət çəkir. Bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Dövlət başçısının qeyd etdiyi kimi, bunlar inkişaf baxımından mühüm göstəricilərdir.

Azərbaycanın uğurları beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də qiymətləndirilir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxıb.

Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi planlaşdırılır. Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bir elementidir. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində də işlər sürətlə davam edir. Bu nəqliyyat dəhlizləri Çindən Avropaya, Şimali Avropa ölkələrindən Rusiyadan Fars körfəzinə və əks istiqamətlərdə yüklərin daha qısa müddətdə və daha münasib xərclərlə daşınmasına şərait yaradacaq. Xarici ölkələrdə “Ticarət evləri”nin yaradılması, Azərbaycanda ixracın stimullaşdırılması istiqamətində görülən işlər ölkədə biznes mühitinin daha da yaxşılaşmasına səbəb olacaq. Son nəticədə də Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyanı daha da dərinləşdirəcək. Digər tərəfdən, tarixən Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycanda  “Eurovision-2012”,  Beynəlxalq Caz Festivalı, Birinci Avropa Oyunları, “Formula-1” və digər beynəlxalq səviyyəli tədbirlər təşkil olunub. Bu il Azərbaycanda isə IV İslam Oyunları da yüksək səviyyədə keçiriləcəyini əminliklə söyləmək olar. Bütün bunlar ölkəmizə dünyanın müxtəlif ölkələrindən turist axınını artırmaqdadır. Bu da qarşılıqlı inteqrasiya prosesində mühüm amildir.

Beləliklə, Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən strategiya Azərbaycanın daha böyük uğurlara imza atmasına zəmin yaratmaqdadır.

 

 

Ramiz Mikayıloğlu

 

 

Qeyd: Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Oxşar yazılar