GMO məhsullarla bağlı monitorinqlər başlayır
08 may 2013 16:49 (UTC +04:00)

GMO məhsullarla bağlı monitorinqlər başlayır

Azərbaycan ərazisində Genetik Modifikasiya Olunmuş (GMO) məhsullarla bağlı genişmiqyaslı monitorinqlər başlayacaq.

 

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov bildirib. Onun sözlərinə görə, AMEA, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Səhiyyə nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 istiqamətdə birgə keçirəcəyi monitorinqlər iki pillədən ibarət olacaq. İlkin monitorinq zamanı əkin sahələrinə baxışlar keçiriləcək, ikinci mərhələdə isə həmin məhsullardan nümunələr götürülərək laborator şəraitdə analiz ediləcək. Araşdırmaların nəticələri Nazirlər Kabinetinə təqdim olunacaq: “Nazirlər Kabinetinin razılığı olandan sonra müvafiq nazirliklərin iştirakı ilə Fitosanitar Xidməti həmin məhsulları məhv edəcək. Qanunla GMO məhsulların ölkəyə gətirilməsi, əkilməsi, becərilməsi qadağandır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da GMO taxıl da, pambıq da, tərəvəz də, meyvə və yem bitkiləri də var. Amma bunların yayıldığı yerləri, əkinləri müəyyənləşdirmək, məhv eləmək, yoxdursa, bunu da dəqiqləşdirmək lazımdır. Monitorinqlər bazarlarda aparılmayacaq. Yalnız əkin sahələrində aparılacaq”.

 

Z. Əkbərov deyib ki, monitorinq nəticəsində GMO məhsullar aşkarlanarsa, onları əkib-becərənlər yüksək məbləğdə cərimələnəcəklər: “Qanunvericiliyə əsasən, bitkinin genetik ehtiyatlarına ziyan vuran fəaliyyətə, bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdikləri ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunacaqlar. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin Azərbaycan ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə salınmasına görə fiziki şəxslər 3000, vəzifəli şəxslər 15000, hüquqi şəxslər isə 50000 manat cərimə ediləcəklər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914
avatar

Oxşar yazılar