Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını bu gün rəsmən açıqlayıb.
«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün Bakıda keçirilən tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell qeyd edib ki, «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və düzgün seçimini edərək TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb: «Bu layihə strateji önəm daşıyır və bu layihənin icrası nəticəsində Azərbaycan yeni kəmər vasitəsilə Avropanın yeni qaz təchizatçısına çevriləcək».
Q.Birrell onu da bildirib ki, seçim aparılarkən kəmərin maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi aspektlər nəzərdən keçirilib: «TAP vasitəsilə ilkin olaraq ildə 10 mlrd. kubmetr qaz Azərbaycandan Avropaya çatdırılacaq. Layihə əlavə qaz infrastrukturunun yaradılmasına da səbəb olacaq. Azərbaycandakı «Şəfəq-Asiman» kimi qaz yataqları gələcəkdə Azərbaycandan Avropaya qaz nəqlini artıracaq».
«Şahdəniz-2» layihəsinə sərmayə qoyuluşlarından danışan BP rəsmisi əlavə edib ki, ikinci mərhələyə 40 mlrd. ABŞ dolları həcmində vəsait yatırılacaq, bu da ildə 16 mlrd. kubmetr qazın nəqlinə gətirib çıxaracaq.
Q.Birrell həmçinin bildirib ki, cari ilin sonunadək TAP layihəsinə sərmayə qoyuluşu ilə bağlı qərar qəbul olunacaq.
Qeyd edək ki, uzunluğu 520 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bu, «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.