Artıq ödənilmiş gömrük rüsumları necə qaytarılacaq?  - QAYDA
21 fevral 2013 10:03 (UTC +04:00)

Artıq ödənilmiş gömrük rüsumları necə qaytarılacaq? - QAYDA

 

Nazirlər Kabineti “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nı təsdiqləyib.

Lent.az-ın verdiyi məlumata görə, bu Qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir.

Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Vergi Məcəlləsinə uyğun olaraq, Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması “Dövlət rüsumu haqqında” qanununa uyğun olaraq, Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir.

 

Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:

- mallar qüsurlu olduqda;

- gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə.

- Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundan geri qaytarılır.

 

Sərbəst dövriyyəyə buraxılmamışdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir. Qüsurlu mallara görə ödənilmiş gömrük rüsumu həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır. Bu Qaydalara uyğun olaraq, gömrük rüsumunun qaytarılması yalnız həmin malların gömrük ödənişlərini tətbiq edən gömrük orqanı tərəfindən eyniləşdirilməsi aparıldıqdan sonra həyata keçirilir. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə də daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verir. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır.

 

Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN  göstərilməlidir. Qaytarılmalı olan gömrük ödənişlərinin yaranma səbəblərini ərizə ilə müəyyən etmək mümkün olmadıqda, onların qaytarılmalı olduğunun təsdiqi üçün şəxs aşağıdakı sənədləri gömrük orqanına təqdim edə bilər:

- gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan, həmçinin alınmasını təsdiq edən sənədlər (bəyannamə, qəbzlər və s.);

- gömrük ödənişlərinin səhv nəticəsində artıq ödənilməsini və ya malın qüsurlu olmasını sübut edən sənədlər (malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə, müvafiq normativ sənədlər, malın texniki pasportu və s.).

Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə bu Qaydalarda göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.

Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini tətbiq edən gömrük orqanı qaytarılmalı olan gömrük ödənişlərini onun və ya onun göstərdiyi digər şəxsin gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edir. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir. Gömrük orqanı Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Gömrük orqanı bu Qaydalarda qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Dövlət Gömrük Komitəsinə  göndərilməsini təmin edir.

 

Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. Maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydalara uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. Gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Gömrük rüsumları qaytarılarkən, dövlət büdcəsinin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır. Gömrük yığımları və haqq qaytarılarkən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondunun mədaxili artıq ödənilmiş vəsaitin faktiki qaytarılmış məbləği qədər azaldılır. Maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir.

 

Bu Qaydalarda nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay müddətində ödəniş edilmədikdə və bu gecikmə gömrük və ya maliyyə orqanlarının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və ümumi borc məbləği şəxsə bu Qaydalara əsasən ödənilir. Faizlər üç aylıq müddət başa çatdığı tarixdən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Oxşar yazılar