"Yaşadığımız Aran kəndi meşə zolağından kənarda yerləşir. Odun almaq üçün ətraf kəndlərə, rayonlara getməyə məcbur oluruq. Bu da həm meşələrin qırılması, həm də əlavə xərc deməkdir. Bütün kənd sakinləri adından sizdən xahiş edirəm ki, yaşadığımız kəndin qazlaşdırılmasını həyata keçirin".
Lent.az xəbər verir ki, bu sözləri Şəki rayonunun Aran kənd sakini Elçin Cəlilov SOCAR “Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan digər kənd sakinləri Şahsənəm Abulova, Gülmirə Əliyeva, Telman Əzizov, Şəkər Əliyeva, Asif Hümbətov və Əlican Məmmədovun da müraciətləri bu yönümlü, yəni kəndin qazlaşdırılması ilə bağlı olub.
Daxil olan bütün müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənilib və qeydə alınıb.