Lider mobil operator “STEVIE” beynəlxalq biznes mükafatları tərəfindən "İlin ən innovativ texnoloji şirkəti" seçilib.
“Azercell Telekom” MMC 60-dan çox ölkəni təmsil edən müxtəlif beynəlxalq təşkilatların qatıldığı “STEVIE” müsabiqəsində “İlin ən innovativ texnoloji şirkəti” adını qazanıb. Lider mobil operatorun telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklər, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi innovativ layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, Azərbaycana ilk beşinci nəsil (5G) rabitə standartını gətirən məhz Azercell şirkəti olub. Belə ki, lider mobil operator ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində istifadəyə verib. Bu il ərzində Azercell Apple şirkəti ilə birgə əməkdaşlıqda iPhone istifadəçiləri üçün də bu texnologiyanı ölkə ərazisində əlçatan edib. Eyni zamanda, şirkət Samsung smartfonları üçün eksklüziv 5G lisenziyasını əldə edən ilk yerli mobil operator olub.
Bütün bu məqamlar dünyanın 230-dan çox nüfuzlu biznes ekspertindən ibarət olan beynəlxalq münsiflər heyətinin səsverməsi zamanı nəzərə alınıb. Qaliblərin mükafatlandırma mərasimi oktyabr ayında İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq.
Qeyd edək ki, "Azercell Telekom” MMC indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək “STEVIE” mükafatına layiq görülüb.