İKT sərgisi 15-ci dəfə Bakıda təşkil olunur
03 noyabr 2009 18:45 (UTC +04:00)

İKT sərgisi 15-ci dəfə Bakıda təşkil olunur

Sərgidə dünyanın 15 ölkəsindən 112 çox şirkətinin iştirak edəcəyi gözlənilir

Sabah Bakıda 15-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı (“BakuTel”) başlayır. Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunan sərgi noyabrın 7-dək davam edəcək. Yubiley sərgi-konfrans həmişə olduğu kimi, yenə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.


Lent.az-ın məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə sərgi ilə bağlı təşkil olunan mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, sərgidə dünyanın 15 ölkəsindən 112 çox şirkətinin iştirak edəcəyi gözlənilir. Sərgidə telekommunikasiyalar və şəbəkələr, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları, təhlükəsizlik sistemləri, bank xidmətləri, elektron biznes və elektron hökumət kimi məhsul və xidmətlər nümayiş olunacaq.


Elmir Vəlizadə bildirib ki, bu il “BakuTel” sərgi və konfransı özünün 15 illik yubileyini qeyd edəcək. Onun sözlərinə görə, artıq 15 ildir ki, sərgi həmin sahənin peşəkar şəxslərinin ənənəvi görüş yerinə çevrilib İndiyədək bu sərgilərdə dünyanın 26 ölkəsinin 800-dən artıq şirkəti iştirak ediblər. Builki sərgi çərçivəsində tədqiqat məsələlərinə həsr olunmuş ayrıca beynəlxalq konfrans da keçiriləcək. Bununla bağlı xaricdən mütəxəssislər də dəvət olunub və onlar “Elektron hökumət” həlləri kimi vacib və aktual məsələlər müzakirə olunacaq.


Tədbirin təşkilatçı olan “İteca Kaspian” şirkətinin meneceri Rəna Abutalıbova bildirib ki, qlobal iqtisadi böhrana baxmayaraq, “BakuTel” sərgisinə beynəlxalq maraq azalmayıb. Əksinə bu il Çin, İtaliya kimi ölkələrdən ilk dəfə sərgiyə qatılan şirkətlər var. Onun sözlərinə görə, artıq 4 ildir ki, “BakuTel” sərgisinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilməsi faktı bu sərginin mühüm statusunu və yüksək nüfuzunu təsdiqləyir.

Rəna Abutalıbova qeyd edib ki, “BakuTel” sərgisində “Xalq kompüteri” layihəsi də təqdim olunacaq. Həmçinin bu il ilk dəfə olaraq, “Elektron imza”, “Elektron sənəd” və digər sosial layihələri isə Azərbaycanın qabaqcıl şirkətlərindən olan ULTRA təqdim edəcək. Onun sözlərinə görə, builki sərgini fərqləndirən əsas cəhət yeni İKT məhsullarının çoxsaylı təqdimatının keçirilməsi olacaq. Yeni həll yolları, o cümlədən ultra müasir texnika sərginin 40 faizini yerli şirkətlər təşkil edəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar