11 yaşlı bələdiyyələr şəhadətnaməsiz qalıb
29 noyabr 2010 18:15 (UTC +04:00)

11 yaşlı bələdiyyələr şəhadətnaməsiz qalıb

Azərbaycanda bələdiyyə institutu 1999-cu ilin sonuncu ayından fəaliyyətə başlasa da, indiyədək bu qurumlara şəhadətnamə verilməyib. Məhz bunun nəticəsidir ki, 11 yaşını tamamlamaqda olan yerli özünü idarə qurumlarının nə dəqiq torpaq fondu bilinir, nə də bu torpaqların sərhədlərini müəyyənləşdirən xəritələr var.

Lent.az bu məsələnin həllini ləngidən səbəbləri araşdırarkən xeyli maraqlı məqamlar üzə çıxarıb. Məlum olub ki, bələdiyyələrin torpaq sərhədlərinin müəyyən edilməsi üçün onlara 3 rəngli xəritə verilməlidir: dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqları fərqləndirmək üçün. Bundan əvvəl isə yerli özünüidarə qurumlarının reyestri yaradılmalıdır. Amma…

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əsasnamə ölkə başçısının 29 dekabr 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilib. Bu qanuna əsasən, şəhadətnamədə bələdiyyənin adı, yaradıldığı tarix, daxil olduğu rayon (şəhər), əhatə etdiyi ərazi vahidləri, reyestr nömrəsi, ünvanı (yerləşdiyi şəhər, şəhər rayonu, qəsəbə, kənd, küçə binanın nömrəsi), dövlət reyestrinə daxil edilmə tarixi və digər məlumatlar əksini tapmalıdır. Hər bir bələdiyyənin şəhadətnaməsi Milli Məclisin sədri tərəfindən imzalanmalı və parlamentin möhürü ilə təsdiq olunmalıdır. Bundan başqa, ölkədəki bütün bələdiyyələr barədə məlumatlar parlamentin rəsmi saytında yerləşdiriləcək və vətəndaşlar bu sayt vasitəsilə ölkənin istənilən bələdiyyəsi ilə bağlı məlumatlarla tanış ola biləcəklər.

Bununla belə, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” əsasnamənin təsdiq olunmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu hüquqi aktda nəzərdə tutulanların heç biri reallaşmayıb.

İşə başlanıb

Milli Məclisin üzvü Tahir Rzayev Lent.az-a açıqlamasında deyib ki, artıq bu istiqamətdə hazırlıq tədbirlərinə start verilib. Onun sözlərinə görə, yaxın zamanlarda bələdiyyələrin reyestr xidməti yaradılacaq və orada bələdiyyələrin inzibati ərazilərinin sərhədləri ilə yanaşı bu sərhədlər daxilindəki torpaqların istifadə vəziyyəti, fəaliyyət göstərən müəssisələrin siyahısı göstəriləcək. Həmçinin bələdiyyə ərazilərində sənaye, kənd təsərrüfatı və digər məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar, habelə torpaqların yararlılığına dair məlumatlar da toplanacaq.

Millət vəkili deyir ki, bu məqsədlərə çatmaq üçün artıq inzibati ərazi dairələrinin qeydiyyatına başlanıb. Onun sözlərinə görə, bələdiyyələrin reyestr xidmətinin yaradılması prosesi başa çatandan sonra yerli özünüidarəetmə qurumları daha yaxşı fəaliyyət göstərə biləcəklər: “Bu işlər başa çatandan sonra bələdiyyələrin ərazi sərhədləri xəritələrdə daha dəqiq göstəriləcək. İndi bələdiyyələrin hamısının xəritələri var. Lakin bu xəritələrin bir çoxu dəqiq deyil. Sadəcə reyestrdə bələdiyyə ərazisində olan obyektlər, çaylar, göllər, dəmir yolları və digər xidmət sahələrinin hamısı dəqiqliklə göstəriləcək”.

Tahir Rzayev deyir ki, hazırda bələdiyyələrin ərazi sərhədlərinin müəyyənləşməsində, torpaqların istifadə vəziyyətinə dair məlumatların əldə olunmasında müəyyən nöqsanlar qalır. Onun sözlərinə görə, hətta bir çox bələdiyyələrin əraziləri dəqiq müəyyən edilmədiyindən mübahisələr yaranır: “Bir çox qonşu bələdiyyələr arasında ərazi bölgüsü problemləri var və kimi hallar bələdiyyələr arasında münaqişə yaradır. Amma bələdiyyələrin reyestr xidməti yaradılması ilə ərazi sərhədləri tam dəqiqləşir. Biz belə mübahisələrlə ilə bağlı araşdırma apardıq, məlum oldu ki, əvvəllər xəritələr çəkiləndə səhvlərə yol verilib, ərazilər dəqiq göstərilməyib. İndi bu məsələlər müvafiq qanunvericiliklə tənzimlənir”.

Millət vəkili qeyd edib ki, bələdiyyələrin reyestr xidmətinin yaradılması işində şəhər və kənd bələdiyyə assosiasiyaları da yaxından iştirak edir. Növbəti mərhələdə isə reyestrə daxil ediləcək məsələlərlə bağlı kənd şəhər və bələdiyyə assosiasiyaları, ictimai təşkilatlarla məsləhətləşmələrin aparılması nəzərdə tutulur.

Məsələ mübahisə yaradıb

Xatırladaq ki, əsasnamə 12 fəsildən ibarətdir və burda bələdiyyələrin vahid reyestr bazasının yaradılması xüsusi vurğulanır. Yəni hər bir bələdiyyəyə xüsusi dövlət reyestri nömrəsi veriləcək, əgər həmin bələdiyyə ləğv olunarsa, həmin nömrə də ləğv olunacaq və bir daha istifadə edilməyəcək. Əsasnaməyə görə, dövlət reyestri almaq üçün sənədləri bələdiyyələr özləri təqdim etməlidir.

Millət vəkili Tahir Rzayev isə əsasnamənin yaxşı hazırlandığını, sadələşdirmə aparmaq üçün səslənən təkliflər nəzərə alınaraq ona müəyyən düzəlişlər edildiyini deyib. Onun sözlərinə görə, bələdiyyələrin dövlət reyestrinin aparılması və yerli özünüidarəetmə orqanlarına şəhadətnamənin verilməsi məsələsi həllini tapır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatının rəhbəri Rafiq Süleymanov bildirib ki, bələdiyyələrə şəhadətnamələrin verilməsi və ümumilikdə reyestrin yaradılması prosesinə rəsmən gələn ilin yanvarında başlanacaq. Onun sözlərinə görə, artıq həyata keçiriləcək tədbirlər müvafiq icra qurumları arasında bölünüb və bələdiyyələrinin reyestrinin yaradılması 2013-cü ilin 1 yanvarınadək tamamlanmalıdır: “Hazırda komitədə bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır. Gələn ilin yanvarında isə yəqin ki, bu işlərin reallaşması üçün vəsait ayrılacaq və biz öz işimizə başlayacağıq”.

Aparat rəhbəri bələdiyyələrin dövlət reyestri ilə bağlı sənədlərin təqdimetmə prosedurunun da dəqiqləşdirildiyini deyir. Onun sözlərinə görə, mövcud bələdiyyələr və yeni yaranan bələdiyyələrin dövlət reyestrinə alınma qaydaları fərqli olacaq. Birincilər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələrin dövlət qeydiyyatına alınmış Nizamnaməsinin təsdiq olunmuş surəti 15 gün ərzində təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələrə rəsmi statistik kodun verilməsi 10 gün ərzində həllini tapmalıdır. Bələdiyyələrin kağız və elektron xəritəsinin təqdim olunması isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə veriləcək. Yeni yaranmış bələdiyyələr üçün isə Nizamnaməsinin təsdiq olunmasına 20 gün, statistik kodun verilməsinə 15 gün, xəritənin verilməsinə isə 45 gün vaxt müəyyənləşdirilib.

Bəzi mütəxəssislər isə bələdiyyələrin dövlət reyestrinin Milli Məclis Aparatına həvalə edilməsini doğru saymır. Belə düşünənlər hesab edirlər ki, bu işi icra hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyinin müvafiq qurumları həyata keçirməlidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri Lütvi Məhərrəmov bu fikirlə razılaşmır. Onun fikrincə, mövcud qanunvericiliyə görə, bələdiyyələrin yaradılması, birləşməsi, ləğv olunması ilə bağlı qərarları parlament verir. Bu baxımdan, bələdiyyələrin dövlət reyestrinin aparılması işinin Milli Məclis Aparatına tapşırılması daha məqsədəuyğundur.

Ərazi dairələrinin qeydiyyatına başlanıb

Lütvi Məhərrəmov deyir ki, bələdiyyələri reyestrinin formalaşdırılması prosesi hələ başa çatmasa da, hazırda ölkədə fəaliyyət göstərən bütün yerli özünüidarə qurumlarının xəritələri var. Lakin bu xəritələrin bir çoxu dəqiq deyil və xəritələrdəki bütün məlumatlar təkmilləşməlidir. Onun sözlərinə görə, bələdiyyələrin yeni xəritələrində onun inzibati ərazisində olan obyektlər, çaylar, göllər, dəmir yolları və digər xidmət sahələrinin hamısı dəqiqliklə göstəriləcək: “Çünki hazırda bu sahədə müəyyən nöqsanlar qalır. Bir çox bələdiyyələrin əraziləri dəqiq olmadığından müəyyən mübahisələr yaranır, qonşu bələdiyyələr sərhəd zolağında bir-birinin ərazisinə iddia edir. Amma bələdiyyələrin reyestr xidməti yaradılandan sonra ərazi sərhədləri tam dəqiqləşəcək”.

Lüvi Məhərrəmov bildirib ki, bələdiyyələrin reyestri yaradılarkən kənd, şəhər və qəsəbə bələdiyyə assosiasiyaları ilə də məsləhətləşmələr aparılacaq. Məqsəd isə bələdiyyələrin inzibati ərazilərinin sərhədləri müəyyən edilərkən orada fəaliyyət göstərən müəssisələrin siyahısını doğru-düzgün əks etdirməkdir: “Biz indi inzibati ərazi dairələrinin qeydiyyatına başlamışıq. Nəzərdə tutulur ki, bələdiyyələrin sərhədləri də dəqiqləşməlidir. Bundan sonra bələdiyyələr daha yaxşı fəaliyyət göstərə biləcəklər”.

Xatırladaq ki, Dövlət və Xəritəçəkmə Komitəsi üçün yeni xəritələrin və digər sənədlərin formasını da hazırlayaraq təsdiq edib. Yanvar ayından isə həmin xəritələrin hazırlanmasına başlanacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar