130 min hektar meyvə bağlarımız var
26 iyun 2010 16:30 (UTC +04:00)

130 min hektar meyvə bağlarımız var

Azərbaycanda yeni salınan meyvə bağlarının sahəsi genişlənir



Son bir neçə ildə Azərbaycanda yeni meyvə bağlarının salınmasına maraq artıb. Hazırda ölkə ərazisində 130 min hektara yaxın meyvə bağı var.


Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, təkcə bu ilin yaz mövsümündə ölkə üzrə meyvə bağlarının sahəsi 4,7 faiz artıb. Xüsusilə sitrus və subtropik meyvə bağlarının salınmaması prosesi daha sürətlə gedir. Təkcə bu il feyxoa və naringi sahələri uyğun olaraq, 14,7 və 12,7 faiz artaraq ümumilikdə 3000 hektara çatıb.


Komitədə bildirirlər ki, bağçılıq və meyvəçiliklə məşğul olanlar daha çox limon, üzüm və nar sahələrini genişləndirirlər. Belə ki, son hesablamalara əsasən, ölkə ərazisində limon bağlarının sahəsi 10 faiz artıb.


Yeni nar bağları isə əsasən, Şirvan və Mil-Muğan bölgəsinin payına düşür. Təkcə bu il Salyan, Göyçay, Ağsu və ətraf rayonlarda 1200 hektar sahədə nar kolları basdırılıb. Hazırda ölkədə nar bağlarının ümumi sahəsi 18,3 min hektar təşkil edir.


Üzümçülüyə gəlincə, Dövlət Statistika Komitəsində deyirlər ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının bu sahə marağının artması bir neçə il əvvəl başlayıb. Təkcə ötən il ölkə ərazisində 1250 hektarda yeni üzüm bağları salınıb. Bununla da ölkə ərazisində üzüm bağlarının ümumi sahəsi 15 min hektara çatıb.


Kənd təsərrüfatı ilə məşğul olanlar alma və çərəz məhsullarına da xeyli maraq göstərir. Dövlət Statistika Komitəsinin hesablamalarında alma bağlarında 3,2 faiz, fındıq bağlarında 6,7 faiz, şaftalı bağlarında isə 11,2 faiz artım qeydə alınıb. Həmin məlumatlarda göstərilir ki, ötən il Azərbaycanda 718,2 min ton meyvə istehsal edilib. 1 hektardan məhsuldarlıq orta hesabla 71,9 sentner olub.


Məhsuldarlığın artması isə bağçılıqda müasir aqrotexniki qulluğun tətbiqinin genişləndirilməsi ilə izah olunur. Belə ki, son illər meyvəçilikdə ağır zəhmət tələb edən işlər mexanikləşdirilib, meyvə bağları elmi prinsiplər əsasında yenidən qurulub. Köhnə bağların iri və az məhsuldar meyvə ağacları bol məhsul verən alçaq sortlarla əvəz edilib. Üstəlik hər hektarda əkilən ağacların miqdarı artırılıb, xəstəlik və ziyanvericilərə qarşı mübarizə genişləndirilib.


Bundan başqa, son illər yeni istehsal müəssisələrinin yaranması meyvəyə bağçılıq məhsullarına olan tələbatı da artırıb. Meyvə isə yeyinti və qənnadı sənayesi, sərinləşdirici içki istehsalında əsas xammal hesab olunur. Hazırda meyvənin emalı üçün Azərbaycanda şirə istehsalı ilə məşğul olan yeni müəssisələr və konserv zavodu da fəaliyyət göstərir.


Həmçinin, Rusiya bazarlarında da Azərbaycanda yetişdirilən meyvələrə böyük tələbat var. Hazırda Azərbaycandan Rusiyaya idxal olunan kənd təsərrüfatı məhsulları arasında həcminə görə birinci yeri məhz meyvə-tərəvəz tutur.

Elxan SALAHOV
# 946

Oxşar yazılar