Təbii fəlakət zonasında infrastruktur böhranı - ARAŞDIRMA
25 may 2010 12:30 (UTC +04:00)

Təbii fəlakət zonasında infrastruktur böhranı - ARAŞDIRMA

Sel və daşqınlar bölgənin yol, işıq, qaz, su və rabitə təsərrüfatında problemlər yaradıb

Kür və Araz çaylarının daşması nəticəsində Mil-Muğan düzündəki rayonların ərazisində yol, elektrik enerjisi, təbi qaz, rabitə infrastrukturuna ciddi ziyan dəyib. Artıq bölgədə yaşayış üçün vacib olan infrastrukturlarda normal iş ahəngi pozulub. Vəziyyət o həddə çatıb ki, Sabirabad, Saatlı və İmişli rayonlarının təbii qaz təchizatı da dayandırılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) Lent.az-a bildiriblər ki, fəlakət bölgəsində qaz təchizatının dayandırılmasına səbəb Kür çayının daşması nəticəsində “Astara-Qazıməmməd” magistral qaz kəmərində güclü sızmanın baş verməsidir. ARDNŞ fövqəladə hal kimi mayın 24-dən bölgəyə qaz verilişini dayandırıb. Həmin rayonlara mavi yanacağın verilişi təbii fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra bərpa olunacaq.

Kür və Araz çaylarındakı sel və daşqınlar bölgənin

dəmiryolu

infrastrukturunda da ciddi problemlər yaradıb. Bu problemlər əsasən, Şirvan-Astara istiqamətində hərəkət edən yük və sərnişin qatarlarının fəaliyyətində müşahidə olunur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyir ki, mayın 9-da saat 16.30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Hazırda Bakı-Astara və Astara-Bakı sərnişin qatarlarının Şirvan stansiyasından keçdiyi yol bağlıdır.

Nadir Əzməmmədov bildirib ki, Bakı-Astara-Horadiz dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarı Şirvan stansiyasında bölünür və 14 vaqondan ibarət qatarın 7 vaqonu Astaraya, 7-si isə Horadizə gedir. Ancaq 6-7 may tarixlərində baş vermiş daşqınlardan sonra Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Həmçinin Astaradan Horadiz qatarı isə adi iş rejimində işləyir.

Nadir Əzməmmədov bildirib ki, Bakıya gələn qatar da fəaliyyətini dayandırıb. Çünki mayın 9-da Azadkəndi və Sabirabadın daha bir neçə yaşayış məntəqəsini sel suları basmasın deyə, 15-ci kilometrdə sel sularının dəmir yolunun bir hissəsindən digər hissəsinə keçidini təmin etmək üçün dəmir yol yatağı yarılıb.

Bundan başqa, Araz çayında da daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində Osmanlı-Azadkənd mənzilindən sonra bir neçə yerdə dəmir yolunun əlaqəsi kəsilib. Belə ki, dəmir yolunun 15-ci, 19-cu, 24-cü kilometrliyinin hərəsində 1, 21-ci kilometrliyində 2 yerdə dəmir yolu yarılıb. Hazırda Bakı-Astara istiqamətində Şirvandan Astaraya qədər yük və sərnişin qatarları işləmir.

Hazırda “Azərbaycan Dəmir Yolları”nın bütün təşkilatları və stansiyaları gücləndirilmiş rejimdə işləyir. Stansiyaların yaxınlığında və dəmir yolu xətlərinin keçdiyi ərazilərdəki iri beton məmulatları vaqonlara yığılaraq, Şirvan stansiyasına gətirilir. Burada isə həmin məmulatlar müvafiq ərazilərdə bəndvurma işlərində istifadə olunur.

Nadir Əzməmmədov deyib ki, Osmanlı-Azadkənd mənzilini sel suları basdığından 15-ci kilometrdə subasmanın qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Son məlumata görə, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel suları nəticəsində çökməyə məruz qalıb. Onun sözlərinə görə, artıq həmin ərazidə bərpa işləri gedir. Həmçinin daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün yolun bərpasının layihəsi hazırlanır.

Xatırladaq ki, adi iş rejimində gün ərzində Bakıdan Astaraya 2 sərnişin qatarı işləyir. Bunlardan biri adi sərnişin qatarı, digəri isə ekspress tipli qatardır. Nadir Əzməmmədov deyir ki, subasmadan əvvəl hər iki qatarda gün ərzində ümumilikdə orta hesabla 300 sərnişin daşınırdı. İndi həmin istiqamətə sərnişin qatarı işləmədiyindən bilet satılmır. Həmin istiqamətə getmək istəyən insanlar isə yalnız avtomobil nəqliyyatından istifadə etmək məcburiyyətindədir.

Bununla belə, təbii fəlakət bölgəsində

avtomobil yolları

da hamar və təhlükəsiz deyil. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov deyir ki, təbii fəlakətin ilk günlərində Salyan, Sabirabad və Saatlı istiqamətində avtomobil yollarının bir qismi suyun altında qalıb. Nəticədə bir neçə gün ərzində həmin istiqamətlərdə avtomobillərin hərəkəti dayandırılıb. Onun sözlərinə görə, sel sularının yaratdığı təhlükə ilə əlaqədar olaraq, Bakı-Ələt-Astara və Bakı-Ələt-Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun müəyyən hissələrində avtomobillərin hərəkəti dayandırıla bilər. Hazırda Nəqliyyat Nazirliyində yaradılmış komissiya bununla bağlı müvafiq müzakirələr aparır: “Həmin yolların konkret hansı ərazilərdə bağlanacağı bu müzakirələrdən sonra bəlli olacaq. Yəqin ki, bütün detallar bəlli olduqdan sonra məsələ barədə ictimaiyyətə məlumat verəcəyik”.

Namiq Həsənov bildirib ki, Sabirabad və Salyan avtomobil yolu su altında qalanda Padar istiqamətində 19 kilometr uzunluğunda, Həşimxanlı-Qaratəpə istiqamətində 12 kilometrlik alternativ avtomobil yolu çəkilib. Onun sözlərinə görə, digər istiqamətlərdə avtomobil yollarının su altında qalmaması üçün bütün yol istismar idarələrinin texnikası və işçi qüvvəsi bəndvurma işlərinə cəlb olunub. Bundan başqa, fəlakət bölgəsindəki vəziyyətlə əlaqədar Saatlı rayonu ərazisində istismara bağlı olan qəzalı avtomobil körpüsü müvəqqəti də olsa, açılıb.

Nəqliyyat Nazirliyinin rəsmisi deyir ki, hazırda təbii fəlakət zonasına aid rayonlar istiqamətində magistral avtomobil yollarının heç biri bağlı deyil. Bölgənin kəndlərarası yollarında isə belə problemlər müşahidə olunur: “Sel basan rayonların 3-4 kəndində belə problem var. Hazırda həmin ərazilərə nəinki sərnişin avtobusları, heç texnika da işləmir. Amma bütövlükdə magistral yollar, yerli və respublika əhəmiyyətli yolların hamısı açıqdır. Bakıdan Salyan, Sabirabad, Saatlı, İmişli zonasına avtobuslar işləyir”.

Torpaq sürüşmələrinin baş verdiyi ərazilərdə yolların vəziyyətinə gəlincə, Namiq Həsənov deyib ki, Şamaxı zonasında, Ağsuda, Lerik, Masallı, Göygöl, Qusar rayonlarında avtomobil yollarına xeyli ziyan dəyib. Nəticədə bəzi ərazilərdə avtomobil yolları qısa müddətə bağlı elan olunmuşdu. Ancaq həmin rayonların yol istismar idarələrinin daxili qüvvələri hesabına bu problemlər aradan qaldırılıb. Hazırda həmin istiqamətlərdə avtomobillərin hərəkətində heç bir məhdudiyyət yoxdur.

Fəlakət bölgəsində ən ciddi infrastruktur problemi

elektrik enerjisi

təsərrüfatında qeydə alınıb. “Azərenerji” ASC-dən Lent.az-a bildiriblər ki, təbii fəlakətin ilk günlərindən subasmaya məruz qalmış yaşayış məntəqələrinin hər birində elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda su basmış kənd və qəsəbələrinə elektrik enerjisi verilmir. Ancaq hazırda işıqsız qalan kənd və qəsəbələrin sayı barədə dəqiq məlumat verilmir.

Sel basmış yaşayış məntəqələrində elektrik enerjisinin dayandırılmasına səbəb təkcə enerji təsərrüfatına dəymiş ziyanla bağlı deyil. Səhmdar cəmiyyətin mətbuat xidmətində deyirlər ki, bu addım həm də təhlükəsizlik tədbirlərinin tərkib hissəsidir. Belə ki, su basmış ərazilərdə torpaqların yuyulması nəticəsində yüksək gərginlikli elektrik xətlərini daşıyan dirəklər hər an yıxıla və ərazidə yaşayanlar, xilasetmə tədbirlərinə cəlb olunan insanlar üçün təhlükə yarada bilər. Bu səbəbdən də “Azərenerji”nin rəhbəri su basmış kəndlərin hamısında elektrik enerjisi ilə təchizatın dayandırılması barədə göstəriş verib.

Nəzərə alsaq ki, su basmış və belə təhlükənin gözlənildiyi ərazilərdə elektrik enerjisi yoxdur, deməli,

su

təchizatı da analoji vəziyyətdir. Çünki bu kəndlərin böyük əksəriyyəti içməli suya tələbatı əsasən, modul tipli sutəmizləyici qurğular vasitəsilə ödənilir. Həmin qurğular isə elektrik enerjisi ilə işləyir və enerji təchizatı dayandırılarkən təbii ki, qurğular da fəaliyyət göstərə bilmir.

Eyni vəziyyət

rabitə

sahəsində də müşahidə olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyir ki, hansı ərazilər subasmaya məruz qalıb, dağıntılar qeydə alınıbsa, orada rabitə xətləri də sıradan çıxıb. Bu səbəbdən də həmin kəndlərdə kəndlər telefon və internet xidmətləri fəaliyyət göstərmir: “Hansı əraziləri ki, su basıb, təbii ki, orada rabitə xətti də yoxdur. Amma su basma zonasından köçürülmüş əhalinin məskunlaşdığı yerlərdə bütün rabitə xidmətləri təşkil olunur”.

Fəlakət zonasında

taksi xidmətləri

2 dəfə bahalaşıb. Subasmanın fəlakət zonasında sosial infrastrukturlara təsirini araşdırarkən təəssüfləndirici bir məqamı da aydınlaşdıra bildik. Məlum oldu ki, təbiətin şıltaqlı, Kürün-Arazın daşması bəzi insanların da daha çox qazanmaq həvəsini daşdırıb. Daha doğrusu, kimlərsə bölgə əhalisinin ağır və çıxılmaz durumundan istifadə edib qazanclarını artırmaq istəyir.

Söhbət bölgədə, xüsusən su altında qalan kəndlərdə nəqliyyat xərclərinin fantastik dərəcədə artmasından gedir. Belə ki, subasmadan sonra təbii fəlakət bölgəsində avtomobil yollarında hərəkətin məhdudlaşdırılması taksi xidmətlərinin qiyməti 2 dəfədək bahalaşıb. Qiymət artımı həm bölgədaxili nəqliyyatda, həm də Bakı istiqamətində işləyən taksilərdə müşahidə olunur.

Bölgədə yaşayan sakinlərdən aldığımız məlumata görə, subasmaya qədər taksi sürücüləri hər bir sərnişin üçün Sabirabaddan Bakıya 6 manat alırdı. İndi isə bu qiymət 15 manata qədər bahalaşıb. Sakinlər bildirirlər ki, subasmadan sonra şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürücülər Sabirabaddan Bakıya bir reysdən hətta 70-80 manat qazanır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar