Təbliğat sığortanın əsasıdır – TƏHLİL
18 may 2010 14:15 (UTC +04:00)

Təbliğat sığortanın əsasıdır – TƏHLİL

Son illərdə Azərbaycanın sığorta sektorunda ən çox səslənən ifadələrdən biri də «Sığorta mədəniyyəti»dir. İlk növbədə «sığorta mədəniyyəti» nədir və onu necə müəyyən etmək olar?

Mədəniyyət ifadəsi bir çox fərqli mənalarda istifadə olunur. «Sığorta mədəniyyəti» dedikdə isə çox zaman əhalinin sığorta sahəsindəki təhsili, məlumatlılığı və biliyi başa düşülür. Bu anlayışı daha da genişləndirərək, sığorta mədəniyyətinə yalnız əhalinin yox, eyni zamanda sığorta bazarının bütün iştirakçılarının, o cümlədən sığorta şirkətlərinin, sığorta vasitəçilərinin, agentlərin, hətta sığorta sahəsində fəaliyyət göstərən köməkçi qurumların sığorta sahəsindəki bilikləri, təhsili, peşəkarlığı, davranış normaları aid edilməlidir.

Real problemlər

Ümumiyyətlə, sığorta sektorunun inkişafı, o cümlədən əhalinin sığorta mədəniyyətinin bərpa olunması və inkişaf etdirilməsi üçün ən mühüm şərtlərdən biri də sığorta sahəsində əhalinin maarifləndirilməsidir. Lakin təəssüflər olsun ki, Azərbaycanda hələ də sığorta mədəniyyəti istənilən səviyyədə inkişaf etməyib. Bu, bir növ sığorta şirkətləri tərəfindən aparılan maarifləndirmə işlərinin zəif olması, digər tərəfdən isə sığorta hadisəsi zamanı sığortaçının sığortalıya ödəməli olduğu vəsaitdən xırda səbəblərə görə imtina etməsi ilə bağlıdır. Bu halda vətəndaşların sığorta şirkətlərinə olan inamı bir qədər də zəifləyir.

Bu ilin yanvar-mart aylarında sığorta şirkətləri tərəfindən toplanan məcmu haqların (44,43 mln. manat) strukturuna nəzər salsaq, görərik ki, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (9,284 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (7,977 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (6,379 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,479 mln. manat) növləri üzrə toplanıb.

Növlərə detalları ilə yanaşsaq, bəlli olur ki, bu növlərin könüllü qaydada sığortalanmaq istəyən vətəndaşlara heç bir aidiyyəti yoxdur. İlk növbədə «Tibbi sığorta» növündən başlayaq. Cari ilin birinci rübündə bu sığorta növü üzrə yığımın 9,284 mln. manat həcmində olması ölkədə fəaliyyət göstərən xarici şirkətlər və yerli təşkilatlarda çalışan işçilərin həmin qurumlar tərəfindən sığortalanması hesabına həyata keçirilib. Yəni, fərdi qaydada çox az adam tapmaq olar ki, özünü könüllü tibbi sığortalasın. Həmçinin, «Hava nəqliyyatı vasitələrinin sığortası» və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» növlərinin də sıravi vətəndaşlarla heç bir əlaqəsi yoxdur. «Avtonəqliyyat vasitələrinin sığortası» növünə gəldikdə, vətəndaşların kreditə götürdüyü avtomobillərin banklar tərəfindən məcburi qaydada sığortalanması məsələsi üzə çıxır. Hazırda bir vətəndaşın könüllü qaydada avtomobilinin bazar qiymətinin 3-4% civarında sığortalaması çətin məsələyə çevrilib. Çünki bazar qiyməti 10 min dollar olan avtomobilin illik sığorta haqqı 300-400 manat təşkil edir. Buna isə hər bir vətəndaşın gəliri imkan vermir. Ölkədə sığorta mədəniyyətinin inkişafı üçün əhalinin gəlirlərinin kifayət qədər olması da əsas amil kimi götürülür. Xatırladaq ki, 2009-cu ilin yekunlarına görə, ölkədə adambaşına düşən sığorta haqqının həcmi 18 manat, «Tibbi sığorta» üzrə isə 2,3 manat təşkil edib.

Ümumilikdə belə nəticəyə gəlmək olar ki, yuxarıda adları çəkilən sığorta növlərini kütləvi təbəqəyə aid etmək olmur. Çünki ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin bir çoxu bir holdinqin tərkibinə daxildir. Həmin sığorta şirkətləri holdinqin tərkibində olan şirkətlərin avtomobillərini, işçilərini və digər obyektlərini sığortalamaqla kifayətlənirlər. İl ərzində həmin qurumlardan toplanan daxilolmalar sığorta şirkətini qane edir. Bu baxımdan əhalinin maarifləndirməsi məsələsi sığorta şirkətlərinin o qədər də marağında olmur.

Azərbaycanda fəaliyyət göstərən bir neçə sığorta şirkəti istisna olmaqla, qalan şirkətlərdə əhalinin sığorta sahəsində maarifləndirmə işləri ümumiyyətlə həyata keçirilmir. Həmin şirkətlər tərəfindən çap olunan broşürlara yalnız şirkətlərin ofislərində və ya bu sahə ilə bağlı müvafiq sərgilərdə rast gəlmək olar. Təəssüflər olsun ki, həmin broşülarda da yalnız şirkətin fəaliyyət sahəsi, tarixi və sığorta məhsulları göstərilir. Konkret olaraq broşürlarda sığorta nədir, sığortanın əsas məqsədi kimi sualların cavabları qeyd olunmur.

Virtual problemlər

Azərbaycandakı sığorta şirkətlərinin maarifləndirmə proqramları ilə bağlı daha bir problemli məqama toxunmaq istərdik. Burada söhbət sığorta şirkətlərinin veb saytlarından və həmin rəsmi saytlarda internet oxucuları üçün nəzərdə tutulan maarifləndirmə bölmələrindən gedəcək. Məlumat üçün qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 24 sığorta şirkətinin (3 şirkətin lisenziyası müvəqqəti dayandırılıb) əksəriyyətində rəsmi internet saytı (misal: «Qala Sığorta», «Fidan Sığorta» və s.) yoxdur. Bəzi şirkətlərin saytlarında isə həqiqətən maarifləndirici materiallar, terminoloji lüğətlər, sığorta növlərinin ətraflı təfsilatı, həmçinin sığorta ilə bağlı qanunvericilik bazası da yerləşdirilib.

Nəticə etibarilə qeyd etmək olar ki, müştərilərin maarifləndirilməsi sahəsində şirkətlərin internet saytlarında yerləşdirilən materiallar əhalinin sığorta sahəsində biliyinin daha da artırılmasına şərait yaradan amillərdəndir.

Qeyd edək ki, maarifləndirmə sahəsində sığorta şirkətləri vətəndaşlarla daimi və müntəzəm iş aparmalıdır. Potensial sığortalılara sığortanın nə olduğunu və üstünlüklərini izah etmək lazımdır. Bu gün sığortanın təbliğatı ilə bağlı yanlış metodlar seçilir. Məsələn, öz yeni və mürəkkəb sığorta məhsullarını təklif edən sığorta şirkətləri müştərilərə ilk növbədə sığortanın zəruriliyini və sığorta məhsulunun ona verəcəyi faydaları anlatmalıdır. Əks təqdirdə, bu gün olduğu kimi, bu şəkildə aparılan reklam kampaniyaları istənilən nəticəni verməyəcək.

Elnur Hüseynquluyev,
APA.
# 482

Oxşar yazılar