Neft gəlirləri: nə qazandıq, nə xərclədik - ARAŞDIRMA
24 sentyabr 2012 16:22 (UTC +04:00)

Neft gəlirləri: nə qazandıq, nə xərclədik - ARAŞDIRMA

18 il əvvəl, 1994-cü ilin 20 sentyabrında Xəzərin Azərbaycan sektorunda neft ehtiyatlarının istismarı məqsədilə xarici şirkətlərlə “Əsrin müqaviləsi” imzalanıb. “Azəri-Çiraq-Günəşli” yatağının işlənməsindən başlanan bu razılaşma sonradan Azərbaycanda böyük neft strategiyasının əsasını təşkil etdi. Dövlət müstəqilliyimizlə paralel nəhəng iqtisadi gücə və potensiala malik neft ehtiyatlarımız da dövlətimizin qarşısında yeni bir pəncərə açdı. Dövlət müstəqilliyini yenicə qazanmış, bütün iqtisadiyyatı dağılmış və bir siyasi-iqtisadi mühitdən başqa bir mühitə düşmüş ölkə kimi biz neft gəlirlərinə böyük ümid yeri kimi baxmışıq.

Lent.az aradan keçən 18 ildə neftin Azərbaycana nə qazandırdığını öyrənmək üçün kiçik bir araşdırma aparıb. Statistik hesablamalardan məlum olur ki, təkcə son 7-8 ildə istinasız olaraq Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin xüsusi çəkisi ildən-ilə artmaqda davam edib. Bəri başdan deyək ki, Azərbaycan “Əsrin müqaviləsi” imzalandıqdan yalnız 14 il sonra, 2008-ci ildən neftdən əhəmiyyətli gəlirlər əldə etməyə başlayıb. Bu, ilk növbədə onunla bağlı idi ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı üçün investisiya borcları bütünlüklə ödənildi. Nəticədə Dövlət Neft Fondunun gəlirləri nə az, nə çox – düz 11 milyard manatadək artdı. Belə ki, 1999-cu ilin dekabrından 2008-ci ilin 1 yanvar tarixinədək Azərbaycanın Hasilatın Pay Bölgüləri Sazişləri (HPBS) üzrə əldə etdiyi mənfəət neftinin dəyəri cəmi 4 milyard 526.7 milyon dollar olub. 2008-ci ilin sonunda isə mənfəət neftinin Dövlət Neft Fonduna gətirdiyi gəlir 11 milyard 527 milyon manat və ya təqribən 14,41 milyard dollar təşkil edib.

60,6 milyardlıq qazanc

Rəsmi statistikaya əsasən, bu ilin iyulun 1-dək Azərbaycan 60 milyard 614 milyon 807 manatlıq neft gəlirləri əldə edib. Onun da 33 milyard 109 milyon 300 min manatı xərclənib. Proqnozlar göstərir ki, bundan sonrakı dövrdə də ölkəyə böyük neft pulları daxil olacaq və Dövlət Neft Fondunun bir bareli üçün 80 dallardan götürsək, bundan sonrakı 12 il ərzində (2012-2024-cü illərdə) Azərbaycana daxil olacaq neft pullarının həcmi 145 milyard 300 milyon dollar olacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Azərbaycan neft gəlirlərindən ilk 1 milyardı 2006-cı ildə qazanıb. Bundan sonra Azərbaycanda həm büdcənin xərcləmələri, həm Dövlət Neft Fondundan büdcəyə edilən transfertlər demək olar ki, həndəsi silsilə üzrə artmağa başladı. Onun sözlərinə görə, 2006-cı ildə dövlət büdcəsinin xərc hissəsi 3,79 milyard manat idisə, 2008-də 10,7 milyard manata, 2011-də 15,9 milyard manata çatıb. Bu il isə həmin göstəricinin 17,6 milyard manata çatacağı proqnozlaşdırılır: “Neft Fonduna 2006-cı ildə 1 milyard dollar vəsait daxil olmuşdusa, 2011-ci ilin nəticələrinə görə, təqribən 20 milyard dollara çatdı. Hazırda fondun hesabında 33 milyard dollar var və bu vəsait təxminən 10 il ərzində yığılıb. Bu, fantastik bir artımdır və ona adekvat da xərcləmələrdir”.

Müstəqilliyimizin qarantı

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Azərbaycan ictimaiyyəti dövlət müstəqilliyini yenicə qazanmış, bütün iqtisadiyyatı dağılmış və bir siyasi-iqtisadi mühitdən başqa bir mühitə düşmüş ölkə kimi “Əsrin müqaviləsi”nə böyük ümid yeri kimi baxıb. Onun sözlərinə görə, bu səbəbdəndir ki, Azərbaycan neft kontraktları üzrə danışıqlara müstəqilliyin elə ilk illərindən, 1991-1992-ci illərdən başlayıb: “Biz ümid edirdik və onu gözləyirdik ki, həm neft gəlirləri, həm də bu neftdən pay alan transmilli şirkətlər, eləcə də “Əsrin müqaviləsində iştirak edən Amerika, İngiltərə, Fransa, Türkiyə kimi böyük dövlətlər Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmlənməsinə dəstək verəcəklər. Əks halda onların burada qoyduğu sərmayələr də böyük təhlükə qarşısında qalacaqdı. Mən çox sevinirəm ki, neft gəlirlərindən əsas gözləntilərimiz özünü doğrultdu. Həmçinin neft gəlirləri hesabına ölkədə iri sosial layihələrin həyata keçirilməsi də iqtisadi inkişafa bir təkandır”.

Vahid Əhmədov, o dövrdə ölkəmizin müstəqilliyinə qarşı həm xaricdən, həm də daxildən böyük təhlükələr yaradıldığını xatırladaraq bildirir ki, “Əsrin müqaviləsi” ilə Azərbaycan öz qapılarını beynəlxalq arenaya açıq elan etdi. Onun sözlərinə görə, həmin kontraktda iştirak edən şirkətlərin hamısı iri dövlətləri təmsil edən və Azərbaycanın müstəqilliyini qoruyub saxlanmasında maraqlı olan şirkətlər idi: “Yəni “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının güclənməsinə, dağılmış infrastrukturun bərpasına təkan verməklə yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin qarantına çevrildi”.

Tənəzzüldən inkişafa

Neft gəlirlərinin Azərbaycanın ictimai həyatında, sosial-iqtisadi sahədə hansı dəyişikliklərə səbəb olmasına gəlincə, millət vəkili deyir ki, “Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə aparan amillərdən biri olub. O, ölkə iqtisadiyyatının dirçəldilməsində və mövcud qlobal maliyyə böhranı şəraitində dövlətin iqtisadi siyasətinin tarazlı qalmasında bu müqavilənin xüsusi əhəmiyyətini daşıdığını xatırladır: “Bu müqavilənin imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Yəni “Əsrin müqaviləsi” ölkənin tək iqtisadi perspektivini həll etmədi, həm də siyasi arenada Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi”.

Bununla belə, Vahid Əhmədov neft gəlirlərinin hökumətin davranışlarında müəyyən xoşagəlməz tendensiyalara yol açdığını da söyləyir. Onun fikrincə, neft gəlirləri hökumətdə arxayınlıq yaratdı və nəticədə Azərbaycanın dövlət büdcəsinin 60 faizindən çoxu neft gəlirləri hesabına formalaşdı: “Neft gəlirləri artdıqca hökumətin qeyri-neft sektoruna diqqəti azaldı və mən bunu pis hal kimi qiymətləndirirəm. Hesab edirəm ki, neft gəlirlərinin daha səmərəli xərclənməsi, dövlətimizin inkişaf etməsi üçün neft gəlirlərindən qeyri-neft sektoruna irihəcmli sərmayələr qoyulmalıdır. Biz neft pullarını xüsusilə 4 əsas sahəyə - insan kapitalı, turizm, kənd təsərrüfatı və sənayenin inkişafına qoymalıyıq. Biz dövlət büdcəsinin ən azı 60 faizinin bu 4 sahədən daxil olan gəlirlər hesabına formalaşdırmağa nail olmalıyıq. Əks halda neft qurtarandan sonra bu pulların hədər getdiyi hamımızı təəssüfləndirəcək. Artıq neft erası bitir, neft dünya iqtisadiyyatına təlatümlər gətirir. Ona görə mən hələ lap əvvəldən o fikirdə olmuşam ki, neftdən gələn gəlirləri qeyri-neft sektorunun inkişafına, xüsusilə də insan kapitalının güclənməsinə yönəltmək lazımdır”.

Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787

Oxşar yazılar