Prosineçki “Valensiya”ya gedir
17 aprel 2017 16:30 (UTC +04:00)

Prosineçki “Valensiya”ya gedir

Robert Prosineçki yayda Azərbaycan yığmasının baş məşqçisi postunu tərk edə bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcının İspaniyada işləmək variantı yaranıb.

 

Belə ki, “Valensiya” Prosineçkinin xidmətində maraqlıdı. Klub rəhbərliyi növbəti mövsümə 48 yaşlı mütəxəssislə başlamaq niyyətindədi. Prosineçkinin türkiyəli meneceri Yaşar Çalışır 3 gün əvvəl Valensiya şəhərinə yollanaraq, klub rəsmiləri ilə görüşüb.

 

Bir ildən az müddətdə tez-tez məşqçi dəyişikliyinə əl atan “yarasalar” bundan sonra fərqli addım atmağı düşünürlər. Belə ki, “Valensiya” rəhbərliyi yayda anlaşacağı çalışdırıcıya uzun müddət vaxt verməyi qərara alıb. Futbolçu karyerası ərzində “Real”, “Barselona” və “Sevilya” kimi klubların formasını geyinmiş Prosineçki İspaniyada sevilən, hörməti olan futbol adamlarındandı. “Valensiya” rəhbərliyi də məhz bunu nəzərə alaraq, onunla anlaşmaq arzusundadı.

 

“Valensiya”dan əlavə, daha 2 klubun Prosineçki ilə maraqlandığı bildirilir. Bunlar Türkiyə təmsilçiləri “Bursaspor” və “Konyaspor”du. Bursalılar yanvarda Hamza Hamzaoğlunun yerinə məhz Prosineçkini gətirməyə çalışsalar da, xorvatiyalının AFFA ilə müqaviləsinin olması bunu əngəlləmişdi.

 

Qeyd edək ki, məşqçilik karyerasına 2006-cı ildə başlayan Robert Prosineçki 4 il ərzində Xorvatiya yığmasında köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Daha sonra “Srvena Zvezda” və “Kayserispor” klublarını çalışdırmış mütəxəssis 2014-cü ilin sonundan Azərbaycan yığmasının “sükanı arxası”ndadı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar