Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında ilk finalçı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, yarışın əsas favoriti sayılan Portuqaliya yığması həlledici görüşdə oynamaq hüququ əldə edib.
1/4 finalda Azərbaycan millisini 8:1 hesabı ilə üstələyən pireneylilər yarımfinalda Rusiya ilə görüşdən də üzüağ çıxıblar. Halbuki oyunda hesabı ruslar açıblar. Eder Lima 4-cü dəqiqədə şimal qonşularımızı hesabda önə keçirsə də, Portuqaliya 31-ci dəqiqədə Andre Koelyo ilə tarazlığa bərpa edib. 5 dəqiqə sonra Andre dublunu rəsmiləşdirib. 40-cı dəqiqədə isə Bruno Koelyo Portuqaliyanın üstünlüyünü 2 topa çatdırıb. Rusiyanın son saniyələrdə gücü yalnız fərqi minimuma endirməyə çatıb. Eder Limanın dublunu rəsmiləşdirməsi Rusiyanın məğlubiyyətdən qurtulması üçün yetərli olmayıb. Beləliklə, 3:2 hesablı qələbə qazanan Portuqaliya AÇ-2018-nin finalına adlayıb.
Qeyd edək ki, Avropa çempionatında digər finalçının adı isə Qazaxıstan - İspaniya matçında müəyyənləşəcək.