Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı başa çatıb.
APA-nın məlumatına görə, mundialın son günündə Azərbaycan millisinin iki sərbəst güləşçisi final görüşünə çıxıb və hər ikisi məğlub olub.
Milli komandanın kapitanı Cəbrayıl Həsənov həlledici görüşdə ötən il mundialda çempionluğu uduzduğu amerikalı Karl Deyklə üz-üzə gəlib. Pəhləvanımız revanş arzusunda olsa da, bunu bacarmayıb. Rəqib bu dəfə də xalçadan qalib ayrılıb - 4:2.
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Şərif Şərifov (97 kq) qızıl medal üçün Olimpiya, üçqat dünya, üçqat Avropa çempionu və Avropa Oyunlarının ikiqat qalibi Abdulrəşid Sadulayevlə (Rusiya) gücünü yoxlayıb. Gərgin keçən qarşılaşmada rəqib qələbə qazanıb. "Tank" ləqəbli rusiyalı 4:0 hesabı ilə qalib gəlməklə, növbəti dəfə dünyanın ən güclüsü olub.
Beləliklə, Azərbaycan millisi dünya çempionatını 6 medalla başa vurub. Yunan-Roma komandamızın heyətində Rafiq Hüseynov (82 kq) ikinci, Eldəniz Əzizli (55 kq) üçüncü yeri tutubsa, qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medala sahib olub. Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finalda uduzaraq, ikinci yerlə kifayətləniblər.
Yığmalarımız 18 lisenziyadan isə cəmi ikisini qazana biliblər. M. Stadniklə Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.