"Vətən" uşaq futbol klubundan möhtəşəm nəticə
Aprelin 6-dan 10-dək Türkiyənin İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan “U-10 Champions Trophy” futbol çempionatının Türkiyə üzrə seçmə yarışları keçirilib. Türkiyənin 40 futbol komandasının qatıldığı yarışa Azərbaycan Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası da dəvət alıb.
Yarışlar qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilib. Finalda komandamız Türkiyənin “Bəylikgücü” futbol komandasını 7:0 hesabla məğlub edərək kubokun sahibi olub və “U-10 Champions Trophy” beynəlxalq turnirinə vəsiqə qazanıb.
Komandanın məşqçi-müəllimi Samir Əbdürrəhmanov vəsiqə qazandıqları yeni turnirdə dünyanın ən güclü komandalarının çıxış edəcəyini deyib: “Orada daha güclü komandalar iştirak edəcək. “Çelsi”, “Barselona”, “Milan”, “Şalke 04”, PSJ kimi uşaq komandaları bu turnirdə iştirak edəcək. Mən komandama inanıram. Uşaqlar performanslarını Türkiyədə göstərdilər və 40 komanda arasında 1-ci çıxdılar. İnanıram ki, oradan məzmunlu oyun və gözəl nəticə ilə qayıdacağıq”.
Turnirin ən yaxşı və ən sərrast oyunçusu “Vətən” Futbol komandasının üzvü Anar Hüseynov seçilib: “Turnir çox gözəl keçdi. Çətin komanda da, zəif komanda da var idi. Buna baxmayaraq, bütün komandalara qalib gəldik. Mən turnirin bombardiri və ən yaxşı oyunçusu seçildim. 25 qol vurdum”.
Beynəlxalq turnir iyunun 16-dan 18-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.
Yarışda iştirak edəcək “Vətən” futbol komandasının bütün xərcləri Türkiyənin “Altınordu” Futbol Klubu tərəfindən ödəniləcək.
“U-10 Champions Trophy” - 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridir. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.
333