DÇ-2026-nı təşkil etmək istəyən daha bir namizəd FİFA-ya müraciət edib.
Apasport.az saytının məlumatına görə, mundialı keçirməyə iddialılar arasına ABŞ, Meksika və Kanada da müraciət edib. Bildirilib ki, hər üç Şimali Amerika ölkəsi turniri birlikdə təşkil etmək istəyir.
Həmin il təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matçın oynanılacağı yarışa təşkilatçılıq etmək üçün ABŞ dövləti də tam dəstək göstərib.
Rusiyalı həmkarlarımızın iddiasına görə, İngiltərə, Qazaxıstan, Kolumbiya, Türkiyə və Azərbaycan, eyni zamanda Avstraliya və Yeni Zelandiya birlikdə turniri keçirməyə iddialıdır. FİFA yekun qərarını 2020-ci ilin mayında verəcək.
Qeyd edək ki, sonuncu dəfə Şimali Amerikada dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.