<b>"Bircə şeyi bilirlər: ev alım, maşın alım, varlı qız alım" </b>-  <span style="color:red;">"MƏŞHUR FANATLAR"
17 fevral 2015 13:12 (UTC +04:00)

"Bircə şeyi bilirlər: ev alım, maşın alım, varlı qız alım" - "MƏŞHUR FANATLAR"

Lent.az-ın "Məşhur fanatlar" rubrikasının növbəti qonağı Əli Mirəliyevdi. İllərin müğənnisi ilə budəfəki söhbətimiz idmanla bağlı oldu. Xüsusilə futbola sevgisi olan Əli müəllim olduqca maraqlı fikirlər səsləndirdi.

 

- İdmana həvəsiniz necədir?

- Mən musiqini, bir də idmanı sevirəm. Futbol, boks, güləş, hamısına həvəsim var.

 

- Səhv etmirəmsə, futbolla aranız daha yaxşıdır...

- Özüm futbolçu olmuşam. Oğlum Taleh Mirəliyev Azərbaycanın 16 yaşadək futbolçularından ibarət yığma komandasında oynayıb. Sonra ayağından zədə aldı, əməliyyat olundu və həkimlər qoymadılar oynamağa. Uşağın ayağı indiyə qədər şikəst qalıb. Bu, futboldan bizə qalan yadigardır. Amma mən futbolu yenə sevirəm. İdmandır da, belə hallar olur.

 

- Yığmamız və klublarımızın çıxışını izləyirsizmi?

- Mənim "Qarabağ"ın oyunu xoşuma gəlir. Onlar "Atletiko" (Madrid) kimi mərdi-mərdanə döyüşürlər. "Qarabağ"ın oyununu sevirəm. Komanda kimi birləşib, qabaqlarına məqsəd qoyublar və axıra kimi mübarizə aparırlar. Bu, məni çox sevindirir. Yığmanın oyunu isə xoşuma gəlmir. Çünki millinin baş məşqçisi məşqçi deyil. Bacarmırlar. Mən bilmirəm bunun kökündə nə dayanır? Elə başa düşürəm ki, futbol və musiqinin üstündə nəzarət olmamalıdır, sərbəst olmalıdır. Regionlarda yaşayan istedadlı uşaqlarımız var, kasıbdırlar, onları tanıyan yoxdur. Gedib talantlı futbolçuları onların arasından seçmək lazımdır. Biz gedib Avropanın 5-ci liqalarından oynaya bilməyənləri pulla Bakıya gətiririk, nəticə də yoxdur, olmayacaq da. Bəyəm Anatoli Banişevski, Kazbek Tuayev, Semiqlazovu xaricdən gətirmişdilər? Bunlar hamısı küçədən çıxan oyunçular olublar. Mən özüm də küçədə oynamışam. Məgər Messini öyrədiblər? O, talantdır, Allah tərəfindən vergi verilib ona, gözəl oynayır. Dünyada Messi kimi ikinci oyunçu görmürəm. Heç yaxın 20 ildə də görməyəcəm. Elə bilirsiz ki, bizimkilərə böyük pullar verməklə onlar futbolçu olacaqlar? Xeyr. İndiki futbolçularımız qabaqlarına bir məqsəd qoyurlar: ev alım, maşın alım, varlı ailədən qız alım. Belə futbol olar? Belə futbol sevərlər? Bu məqsədlə nəyə nail olacaqlar? Heç nəyə. Mən məgər müğənni olanda toy mahnıları oxuyurdum? Mən qarşıma toyxanaya getmək qoymuşdum? Xeyr, mən bəstəkar mahnıları oxuyurdum. Bu gün mən Əli Mirəliyev olmuşamsa, həmin mahnılara, bəstəkarlara borcluyam. Amma indiki futbolçularımız... Başa düşürəm, pul hamıya lazımdır. Amma pulu bu qədər də sevmək olmaz. Pul versələr, oynayıram, verməsələr, yox. Bu nə deməkdir? Futbolu sevmək lazımdır. Məşqçi bilməlidir ki, bundan futbolçu olar, ya yox?

 

- Köhnə futbolçulardan Banişevski və başqalarının adlarını çəkdiz. Bəs indiki futbolçularımızdan kimləri tanıyırsız?

- Heç kimi. İspaniyada gözəl futbol izləyəndən sonra bizimkilərin nəyinə baxım? Alim Qasımov gözəl muğam oxuyur. Ondan sonra 100 nəfər muğam oxuyan gəlsin, amma yenə Alim Qasımova qulaq asacaqsız. Futbol da belədir. "Atletiko" oyun çıxarır, "Real"a bu yaxınlarda 4 top vurdu. Futbol budur. "Atletiko"nun heyətində ulduz futbolçu yoxdur. "Barselona"da Messi, Neymar, Suares, Maskerano, Alveş, Buskets kimi ulduzlar var. "Atletiko"da isə belə oyunçu yoxdur axı. Bununla belə, onlar "Real"ı 4:0 hesabı ilə məğlub etdilər. Ronaldo ağlaya-ağlaya qaldı. Heç yerlərindən tərpənə də bilmədilər. 90 dəqiqə oturdular öz qapılarında. "Real"ın bir kombinasiyalı hücumunu izləmədik, müqavimət göstərə bilmədilər. Çünki "Atletiko"nun baş məşqçisi güclüdür, komandasını gözəl hazırlayır. Əgər "Real"la oyuna cavanları buraxsaydı, inandırım sizi ki, onlarla da qalib gələcəkdilər. Çünki komandaya yaxşı motivasiya verir. Məşqçi ata, böyük qardaş kimi tələb etməlidir. Lazım olsa, onun üstünə qışqırmalı, söyməlidir də. Yoxsa, o nə deməkdir ki, 50 min verin, çıxım qol vurum. Tüpürüm o cür düşünən oyunçunun futboluna. Azərbaycanda futbolu sevmirik, biz 11 oyunçu tapıb çıxara bilmirik. Hamısı bundan irəli gəlir. Donetsk dağılır, amma "Şaxtyor" Çempionlar Liqasında oynayır. Bu bizə sübutdur. Geridə qalmış ölkələrin komandaları da bu gün oynayırlar. Koreyada nə vaxt futbol olub? Amma bu gün elə gözəl oynayırlar ki, adam qalır məəttəl. SSRİ-nin vaxtında bizim futbolçular bundan yaxşı oynayırdılar. O vaxt futbolumuz, musiqimiz, hamısı yerində idi. Elə bil demokratiya bizi sındırdı, məhv etdi. Bu nə deməkdir, pul ver oynayım, pul ver işə gedim, pul ver, ata, sənə gedim çay gətirim. Uşaq da ataya pulla çay gətirər?

 

- Belə başa düşdüm ki, "Barselona"ya azarkeşlik edirsiz...

- Bəli, ancaq. Mən futbolun fanatıyam. Futbolu da gözəl oynayır "Barselona". Onlar nəticəyə oynamırlar. "Barselona" kombinasiyalı hücumlar qurur, bütün dünyaya gözəl futbol göstərir. "Barselona" futbolda hamı üçün nümunəvi komandadır. "Real" nəticəyə oynayır, Ronaldo hardan gəldi qapıya zərbə vurur. Qaçır-qaçır, bir də baxır ki, meydan qurtarıb. Amma Messi elə-belə qaçmır. Onun arxada da iki gözü var. Messi oynayan məşqçidir. "Barselona"nın oyununu baş məşqçi yox, Messi qurur. Messi həm futbolçudur, həm də məşqçi. O, ansamblın dirijorudur. Birdən elə sürət yığır ki, çatmaq olmur ona.

 

- Siz Dieqo Maradonanın da oyununu görmüsüz. Bu gün Messini məhz Maradona ilə müqayisə edirlər. Siz bu barədə hansı fikirdəsiz?

- Messi Maradonadan da güclü oynayır. Mən onun da oyununu görmüşəm. Messi Maradonanı da, hamısını da keçib. Kriştianu Ronaldoya yalandan 3 dəfə "Qızıl top" veriblər. Boş şeylərdir. Dünyada birinci oyunçu Messidir. İkinci Messi mən görmürəm. Neymar da, Suares də onun səviyyəsinə çatmayacaq. Messi başqa aləmdir. Allah Alim Qasımovu oxuyan kimi Azərbaycana, Messini isə futbolçu kimi Argentinaya və dünyaya verib.

 

- Bizim futbolumuz böyük uğurlar əldə etmədiyindən, insanların çoxu Türkiyə klublarının çıxışını izləyirlər...

- Türkiyədə futbol, ümumiyyətlə, yoxdur. Onlar da pula görə oynayıblar həmişə. Yadınıza gəlirsə, 10-15 il qabaq Türkiyədə futbol qalxmışdı. Amma sonra öldü. Niyə? Çünki pul yıxdı onların evini. Pul müsəlman millətini yıxıb. İnsanda məqsəd, qeyrət, təpər olmalıdır. Pulla həkim, prokuror, futbolçu olmurlar.

 

- Futbolçu, idmançı dostlarınız çoxdurmu?

- Səməd Qurbanov uşaqlıq dostumdu. Bu günə qədər onunla dostluq edirəm. Səmədin o vaxt ləqəbi "Jiquli" idi. Maşallah Əhmədovla da aram var, amma çoxdandır görmürəm onu. Semiqlazov qonşumuz idi, ölüb. İndi tək Səməd Qurbanovla dostluq edirəm. Səməd qeyrətli oğlandır, yaxşı futbolçu idi. Ailə başçısı kimi də qeyrətlidir. Bunlar hamısı bir-birini tamamlayır. İnsanda bir şey yaxşı, bir şey pis olanda, düz gəlmir. İnsan gərək işini sevsin, peşəkarı olsun. Orda var-dövlət axtarmasın. Pulla futbol oynamırlar.

 

- Berti Foqts göndəriləndən sonra millinin baş məşqçisi postuna Robert Prosineçki gətirildi. Ondan da heç nə gözləmirsiz?

- Ataların bir misalı var: Tula itdən beş-betər. Fərqi yoxdur. Bizim öz məşqçilərimizə nə gəlib? Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Nadir Qasımov kimi gözəl məşqçilərimiz var. "Qarabağ"ın baş məşqçisi də yaxşıdır. Nəyimizə lazımdır Prosineçki? Xorvat kimdir ki, bizə futbol öyrətsin? Xorvat haçandan futbol oynayan olub? İndi 11 nəfər çıxarıb futbol oynayırlarsa, o demək deyil ki, dünyaya meydan oxuyurlar. Xorvatiya Portuqaliyaya qarşı oynaya bilərmi? Hələ İspaniyanı demirəm. Sabah bizim azərbaycanlı konsert versə, bir adam getməyəcək ora. Amma xaricdən biri gəlsə, zalı dolduracağıq. Çünki biz özümüzünkünə qiymət verməyi bacarmırıq. Biz istəyirik ki, həmişə xarici mal olsun. Görürük də xaric nədir. Konçitalar, “mavi”lərdi də xaric. Bizim özümüzə nə gəlib? Bəyəm bizim namusumuz, qeyrətimiz yoxdu? Nəyə görə gedib xaricdən məşqçi gətirməliyik? Nəyim varsa, onunla oynamalıyam. Mən bayaq Dieqo Simeoneni boş yerə tərifləmədim. Onun komandasında ulduz futbolçular yoxdur. Bəs necə olur ki, elə futbol oynayırlar? Bax, bunu araşdırmaq lazımdır. Bütün dünya onlardan qorxur. "Barselona", "Çelsi", "Mançester Siti", "Bavariya" kimi komandalar “Atletiko”dan ehtiyat edir.

 

- Özünüz necə, bu yaşda arada futbol oynayırsızmı?

- (Gülür). Oynayanda oynayıram. "Korpus"la keçmək qalıb yerində (gülürük). Mən oynayanda özüm kimi oynayam.

 

- Nəvənizin futbolçu olmasını istərdinizmi?

- İstərdim. Oğlumu şikəst eləmişəm, indi də istəyirəm onun oğlunu şikəst eləyim (Gülür). Oğlumun da, qızımın da oğul övladı var. Görək də. Qabaqdan danışmaq mənə düşmür. Amma hər ikisinin futbola həvəsi böyükdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Tengiz Məmmədov

Oxşar yazılar