“Bu gün problemli mövzumuz odu ki, “Xəzər Lənkəran” haqsızlıqla üzləşib. 2014-cü il 21 oktyabrda FİFA-nın qərarı bizə ünvanlanıb ki, növbəti iki ardıcıl qeydiyyat dövründə həm yerli, həm xarici futbolçuların qeydiyyatı qadağa olunsun”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Bu gün “Hilton” otelində “Xəzər Lənkəran” klubunun mətbuat konfransı keçirilib. Jurnalistlər görüşdə cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov və klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu iştirak ediblər.
FİFA-nın “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağası ilə bağlı danışan Nadirov bunları deyib: “2014-cü ildə çıxarılan qərar 2010-cu il reqlamentinə əsasən çıxarılıb. Orda qeyd olunub ki, şikayət 2011-ci ilin noyabrın verildiyinə görə, “Xəzər Lənkəran”a 1 il əvvəlin reqlamenti tətbiq olunub. Orda göstərilib ki, 2 “transfer pəncərəsi”ndən sonra növbəti “transfer pəncərəsi”nə kimi klub futbolçu sifariş edə bilər. Buna da əsaslanıb, heyətimizə bir neçə yerli və əcnəbi futbolçular qatdıq, müqavilələr imzalandı. Əfsuslar olsun ki, AFFA tərəfindən 26 avqustda FİFA-ya məktub göndərilib. Orda sorğu göndərilib ki, “Xəzər Lənkəran” azad agent statusu daşıyan futbolçuları qeydiyyata sala bilər, ya yox? FİFA-dan cavab gəlmişdi ki, yeni oyunçuları transferi yeni qeydiyyat dövrü başa çatandan sonra ola bilər. Bu, haqsızlıqdı. Hamımız bilirik ki, qanun çıxar dövrdən ondan sonrakı zamanı əhatə edə bilər. Biz də öz növbəmizdə bununla bağlı FİFA-ya müraciət etmişik. FİFA-nın hüquq məsələləri üzrə direktoru Mark Villeger tərəfindən bizə məktub gəlib. Orda qeyd edirlər ki, FİFA-nın məqsədi odu ki, sanksiya tətbiq etməklə klub zəifləsin, oyunlara zəif heyətlə çıxsın”.
- “Xəzər Lənkəran”ın yeni transferlərinin aqibəti necə olacaq?
- Bizə sanksiya 2010-cu il reqlamenti ilə tətbiq olunub. Əlbəttə ki, FİFA-nın bu kimi ədalətsizliyi klubu pis vəziyyətdə qoyur. Bilirsiz ki, avqustda 3 oyun keçirdik və gənc heyət əlindən gələni etdi. Təbii ki, baş məşqçi iş planını qurmuşdu ki, yeni transferlər heyətə qatılacaq. Dünən bu qərar çıxandan sonra həmin futbolçularla da söhbət etmişik. “Qarabağ”la oyundan sonra onlarla bir daha danışacağıq. Oyunçular da səbr edib, ayın sonuna kimi gözləyərlər. Xaricdə futbolçular var ki, 6 ay gözləyirlər ki, yeni komandalarında oynasınlar. Mən bizim futbolçuları da başa düşürəm. Milli üzvləri var, praktikaları olmalıdı. Biz haqlı olduğumuzu bilirik. Bunu sübut edən sənədlər var. Məncə, sentyabrın sonuna kimi bu məsələ həll olunacaq. AFFA da bu məsələyə biganə qalmır, bizə dəstək olurlar. Maraqlanırlar ki, bu nə məsələdi? Onlar bizə haqq qazandırmasaydılar, məsələyə müdaxilə etməzdilər. Avropa Klublarının Assosiasiyası adlı təşkilat var, biz oranın üzvüyük. Oranın hüquqşünası da bu işlərdə bizə haqq qazandırır. Amma onlar FİFA-ya birbaşa məktub ünvanlaya bilməzlər. 6 xal söhbəti olanda da FİFA bizim tələbimizi qəbul etmirdi. Amma o təşkilata müraciət edəndən sonra FİFA səhvini etiraf etdi. Amma yenə də olan “Xəzər Lənkəran”a oldu.
- Vüqar Nadirov və Ruslan Abışovun adı “Neftçi” ilə yanaşı hallanır...
- Vüqar da, Ruslan da, Rəşad Eyyubov da, onlar “Xəzər Lənkəran”la birgə məşq edirlər. “Qarabağ”la görüşdən sonra bu futbolçularla söhbət edəcəyik. Bizə zaman lazımdı ki, bu prosedur baş tutsun, məktubların ünvanlanması var. Biz FİFA-ya məktub göndərmişik, onlar isə dünən iş saatının sonunda bizə məktub ünvanlayıblar. Yəni iki gün itirdik. Məncə, bu məsələ 10 gündən çox çəkəcək. Bu ayın sonuna kimi 3 tur var. Təbii ki, komanda üçün bu, ağır dönəmdi. Çalışdığımız odu ki, yekun qərar kimi CAS qəbul etsin. Ola bilsin, transfer qadağası onda götürülsün. Son qərar çıxmamış da bu sanksiya durdurula bilər.
- FİFA-nın “Xəzər Lənkəran”a qarşı nə qərəzi ola bilər?
- Avropada bütün dəyərlər qanuna söykənir. Qanun onu göstərir ki, “Xəzər Lənkəran” 31 avqustdan sonra azad agent statusu daşıyan oyunçuları heyətinə qata bilmir. Amma biz bunu edə bilmiriksə, deməli, qərəz var. Təbii ki, söhbət şəxsi qərəzdən getmir. Sadəcə, deyirlər ki, belə qərar qəbul etmişik, belə də olmalıdı. Veldin Muharremoviç 2011-ci ilin noyabrında bizdən şiakyət edib, 125 min dollar təzminat tələb edib. Biz isə demişik ki, bu, absurd məsələdi. Onunla yollar ayrılıb, heç bir rəsmi oyunda iştirak etməyib. Bundan sonra FİFA 125 min dollarlıq maddi iddianı ləğv etmişdi. Amma həm də qərar çıxarmışdı ki, 2 transfer dönəmində transferlərdən məhrum olaq. Dünyanın aparıcı futbol klublarına da bəzən sanksiyalar qoyulur və bunun səbəbi bəzən heç də ədalətli olmur. Çalışmalıyıq ki, haqqımızı hüquq müstəvisində tələb edək.