“Tuladakı görüşü unudaraq, meydana çıxacağıq”: “Neftçi”nin baş məşqçisi
31 iyul 2019 17:54 (UTC +04:00)

“Tuladakı görüşü unudaraq, meydana çıxacağıq”: “Neftçi”nin baş məşqçisi

“İlk oyundan fərqli, bizə daha çətin olacaq”. 
 
APA-nın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.
 
Bakı təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Tula “Arsenal”ını qəbul edəcək.
 
Oyunöncəsi mətbuat konfransında italiyalı mütəxəssis bildirib ki, rusiyalılarla matçda dəyişikliklər etməyə, nəticəyə təsir göstərməyə çalışacaq: “Rəqib güclü komandadır. Onlar ilk görüşdə də bunu nümayiş etdirdi. Geri çəkilmədilər və güclü olduqlarını göstərdilər. Bu üzdən də bizi çox çətin oyun gözləyir. Diqqətli olmalıyıq, sona qədər konsentrasiyanı itirmək olmaz”.
 
- “Arsenal”ın İngiltərə yox, Rusiya təmsilçisi olduğunu və rəqibin avrokuboklarda debüt etdiyini nəzərə alsaq, “Neftçi”nin şansının daha yüksək olduğunu düşünmək olarmı? 
 
- Bu iki komandanı müqayisə etməzdim. Hər klubun özəllikləri var. Tula “Arsenal” da güclü komandadır. Bunu ilk görüşdə göstərdilər. Buraya vaxt itirməyə yox, gözəl oyun və uğurlu nəticə üçün gəliblər. İlk matçdan sonra cüzi də olsa üstünlüyümüz var. Sabah doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dəqiqələrdən vuruşmaq lazımdır ki, istədiyimiz nəticəni əldə edə bilək.
 
- Birinci oyunda rəqibi düzgün analiz etməyiniz nəticəsində 1:0 hesablı qələbə qazandınız. Rəqib sizin mübarizə əzminizi artıq çözüb. Taktiki baxımdan sabah sizdən sürpriz gözləmək olarmı? 
 
- Düzdür, qələbə qazanmışıq və bizə üstünlük verir. Amma düşünmürəm ki, sabah hansısa tərəfdən sürpriz olsun. Sadəcə, mübarizə aparmaq lazımdır ki, istədiyimiz nəticəni qazana bilək. Qətiyyən ilk matçın nəticəsini düşünərək meydana çıxmaq olmaz. Sabah Tuladakı görüşü unudaraq, meydana çıxacağıq.
 
- İlk oyunda Platellası ehtiyatda saxladınız və rəqib bu sürprizinizə hazır deyildi. Sabah onu start heyətində meydanda görə biləcəyikmi? 
 
- Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti müəyyənləşdirib, sabahkı qarşılaşmaya hazırlayacağam. Bir məşqçi üçün ən vacib amillərdən biri də bütün oyunçuların əlinin altında olmasıdır. Bizdə də belə olmasına sevinirik.
 
- Dabo qarşılaşmaya nə dərəcədə hazırdır? 
 
- Dabo sabah oynayacaq. Düzdür, hələ tam hazır deyil, çünki bərpa prosesini keçir. Bunun sürətli formada keçməsinə sevinirəm. İntensiv məşqlər edir. Hər şey yaxşılığa doğru gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar