Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda İsveç “Gefle”si ilə Avropa Liqasındakı III təsnifat mərhələsinin cavab görüşünü buraxmalı olacaq. Lent.az-ın məlumatına görə, braziliyalı pleymeker Bakı “İnter”i ilə Topaz Premyer Liqasının ilk tur matçında xəsarət alıb.
O, rəqib müdafiəçi Brüs Abdullaye tərəfindən baş zərbəsi alaraq huşunu itirib və nəticədə oyunu davam etdirə bilməyib. Matçdan dərhal sonra xəstəxanaya aparılan 24 yaşlı yarımmüdafiəçinin tomoqrafik müayinələrdən sonra vəziyyətinin ciddi olduğu müəyyənləşib. Almeydaya beyin silkələnməsi diaqnozu qoyulub. Aparıcı futbolçunun ən azı 1 həftə məşq etməsinə qadağa qoyulub. Bu isə o deməkdir ki, Almeyda iyulun 8-də “Gefle”yə qarşı Avroliqa, iyulun 11-də isə “Sumqayıt”la Topaz Premyer Liqası qarşılaşmalarından kənarda qalacaq.