“Qarabağ” Avropada ən az qol buraxan komandalar arasındadı. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının geridə qalan 25 turunda qapısında cəmi 12 top görüb ki, bu da ən yaxşı göstəricilərdən biridi.
Qurban Qurbanovun yetirmələri bu baxımdan payız-yaz sistemi üzrə keçirilən 41 ölkə çempionatından 35-də mübarizə aparan bütün klubları qabaqlayır. Azərbaycan çempionu hazırda yalnız “Partizani” (Albaniya – 10 qol), “Dudelanj” (Lüksemburq - 10), “Şerif” və “Daçiya”dan (hər ikisi Moldova - 11) geri qalır. Ancaq son 3 komandanın “Qarabağ”a nisbətən az oyunla buna nail olduqlarını da qeyd etmək lazımdı.
“Kopenhagen” (Danimarka), “Priştina” (Kosovo) və “Rostov” (Rusiya) isə “Qarabağ” qədər – 12 qol buraxıblar.
Premyer Liqamızın ikincisi “Qəbələ”nin də müdafiə xəttini qitənin ən etibarlılarından saymaq olar. Çünki “qırmızı-qaralar” 25 turda cəmi 14 dəfə mərkəzə dəvət olunublar. Bu mənada Roman Qriqorçukun kollektivini yuxarıda adları sadalanan komandalarla yanaşı, “Kukesi” (Albaniya – 13 qol), “Porto” (Portuqaliya - 13) və MOİK (Rusiya - 13) geridə qoya bilir. “Skenderbeu” (Albaniya), “Viktoriya” (Çexiya), “Vardar” (Makedoniya), “Linkoln” (Cəbəllütariq), “Hapoel” (Beer Şeva, İsrail), “Mladost” (Monteneqro) və “Benfika” (Portuqaliya) da “Qəbələ” ilə eyni sayda top buraxıblar.
Avropanın “böyük beşlik” (İspaniya, İtaliya, Almaniya, İngiltərə, Fransa) ölkələrindəki bütün elita iştirakçılarını qabaqlayan təmsilçilərimiz “köhnə dünya”da qabaqcıllardandı. “Qarabağ” bu baxımdan Avropada 5-ci, “Qəbələ” isə 12-ci yeri bölüşür.
Orta hesabla hər oyunda buraxılan qol sayına gəlincə, bu, “Qarabağ”da 0,48, “Qəbələ”də isə 0,56-dı. Bu sıralamaya görə isə ağdamlılar 8-ci yeri bölüşürlərsə, qəbələlilər “Mladost”la birlikdə 15-cı pillədə qərar tuturlar. Avropada ən yaxşı göstərici isə “Partizani”yə məxsusdu (0,35 qol).
Maraq üçün əlavə edək ki, “böyük beşlik” ölkələrinin çempionatlarında ən az top buraxan komandalar “Bavariya” (Almaniya – 15 qol), “Yuventus” (İtaliya – 20), PSJ (Fransa – 21), “Tottenhem” (İngiltərə - 22), “Atletiko” və “Vilyarreal”dı (İspaniya – 24).
+
Balakəndə Qafqaz Albaniyası dövründə tikilmiş tarixi abidə tapılıb.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. Akif Məmmədlinin sözlərinə görə, Balakən rayonunun Qazbinə kəndinin inzibati ərazisinin yaxınlığında dağlıq ərazidə, el arasında “Laçın qaya” adlanan qayalığın cənubunda dağın sirtində bu günə qədər elmə bəlli olmayan, tarixi abidələrimizin siyahısına salınmayan yeni bir tarixi abidə aşkar edilib. Yeni tapılan abidə Qafqaz Albaniyası dövrünə aiddir və xristian məbədlərindəndir.
Tarixçinin sözlərinə görə, naməlum şəxslər abidəyə xəzinə tapmaq ümidi ilə böyük ziyan vurublar.