“Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı komandanın futbolçusu Şirxan Həsənzadə səhhətində narahatlıq yaranıb.
Lent.az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə verib.
Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranıb. Abbaszadənin sözlərinə görə, Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb: “Bu hadisə bizi çox üzdü. Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Hər il 2 dəfə futbolçularımızı check-up müayinəsindən keçiririk və bu günədək onun səhhətində xırda bir problem belə aşkarlanmayıb. Eləcə də o, U-21 yığmamızın heyətinə mütəmadi dəvət alan futbolçulardandır. Orda da tibbi baxışdan keçirilir”.
Komanda rəsmisinin sözlərinə görə, hazırda vəziyyət nisbətən stabilləşib: “Ümid edək ki, yaxın vaxtlarda onun şad xəbərini eşidəcəyik. Əməliyyat olunacaq, ürəyində anju ediləcək”.
Məlumata görə, məşq zamanı qəfil futbolçunun ürəyi dayanıb və o, yerə yıxılıb.