PSJ fransalı hücumçu Kilian Mbappeni komandanın stadionundan kənarlaşdırmaq niyyətindədir.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, komanda rəhbərliyi futbolçunun “Park des Princes”in ev stadionunda meydana çıxmasına qadağa qoyulması imkanını nəzərdən keçirir. Bu addımın futbolçunun Paris klubundan ayrılmasını daha da sürətləndirəcəyi qeyd olunur.
Xatırladaq ki, Mbappenin 2024/2025 mövsümü üçün PSJ ilə müqavilənin avtomatik uzadılması variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub. Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay transfer pəncərəsində “Real Madrid”ə keçmək istəyir. Mbappe özü növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığını iddia edir.
24 yaşlı forvard bu mövsüm “Paris Sen-Jermen”in heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.