Ozan Kökçün
17 avqust 2021 12:22 (UTC +04:00)

Ozan Kökçün

Ozan Kökçü: “İstədiklərimin yerinə məndən istədiklərini etməyə çalışdım”

Niderlandın “Telstar” klubuna transfer olunan Ozan Kökçünün apasport.az saytına müsahibəsi

- Niderlandın “Telstar” klubu ilə müqavilənizi rəsmiləşdirdiz. Ötən ilin ikinci yarısında icarə əsasında oynadığınız bu komandaya transferiniz necə alındı?
- “Telstar”a icarəyə yollandığım gündən etibarən məni öz futbolçuları kimi görmək istəyirdilər. Həmin vaxtdan müqavilə ilə məxsus olduğum “Sabah”la razılıq üçün danışıqlar apardılar və sonda anlaşdılar. Transferim belə rəsmiləşdi. Bunun detallarını və keçid qiymətini klublar öz aralarında həll etdilər. Hər şey dəqiqliklə onlar bilirlər.  

- “Sabah” klubu yeni mövsümdə iddialı olmağı hədəfləyib. Bəs siz niyə Bakı təmsilçisində qalmaq istəmədiz?
- “Sabah” klubu ilə heç bir problemim yox idi. Bir çox komandadan təklif almışdım. Hər təklifi də klubla birlikdə dəyərləndirdik. Amma Avropada oynamağın futbolçuya həm təcrübə, həm də əlavə dəyər verəcəyini fikirləşdik. Yekunda qərarımız “Telstar”ın xeyrinə oldu. 

- II liqa komandasına birdəfəlik transferi geri addım saymırsızmı?
- Hansı ölkənin II liqası olduğuna diqqət edək. Türkiyə Super Liqası, Azərbaycan Premyer Liqası və bəzi ölkələrin liqalarından səviyyəsinə görə üstün olduğunu, həmçinin ölkəmizdəki klubların Niderlandın bu çempionatından futbolçu transfer etmələrinin gerçəkliyini unutmayaq.  

- Adətən başqa ölkələrə gedən milliləşmiş futbolçular Azərbaycan yığmasına gəlmirlər. Siz bu barədə nə deyə bilərsiz?
- Millidə olmaq üçün qarşılıq gözləməməlisən. Hətta özünü qane etməsə belə ölkə, Vətən adına hər şeyə hazır olmalısan. Bəlkə həmin milliləşmiş futbolçular hansısa formada özlərini də razı salmağı bildiriblər. Amma mənə nə vaxt ehtiyac duyularsa, fikirləşmədən yığmaya gələcəyəm. 

- “Sabah”a böyük ümidlərlə gəlmişdiz. Orada oyununuz niyə alınmadı?
- Futbol mübahisəyə açıq, amma sistemlə oynanılan idman növüdür. Bu sistemdə fərqli fikirlər və məşqçi dəyişikliyi futbolçuların inkişafını, həmçinin oyununu dəyişə bilər. Yəni hər bir çalışdırıcının öz fəlsəfəsi var. O dəyişdikdə, sistem və istək də fərqli olur. Mən etmək istədiklərimin yerinə məndən istədiklərini etməyə çalışdım. 

- Gələcəkdə Azərbaycan klublarında sizi yenidən görə bilərikmi?
- Təbii ki, Azərbaycana dönəcəyəm. Hansı şərtlərlə olacağını zaman göstərəcək. Azərbaycan mənim ölkəmdir. Evim oradadır, həyat yoldaşım və qohumlarım Azərbaycandadır. İstər milli komandada, istərsə də Premyer Liqada müəyyən şərtlər daxilində vaxtı gəldikdə oynayacağam. Türk, azərbaycanlı və bu ölkənin vətəndaşı olmaq mənim üçün qürurdur. İnşallah, bir gün görüşəcəyik. Hər kəsə sevgi və salamlarımı göndərirəm. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Oxşar yazılar