Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, dünya çempionatının ikinci yarış günündə yeniyetmə oğlan və qız sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü dördlüyə yüksəlib.
İdmançımız yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. İdmançımız bununla da Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.
Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.