Taekvondoçumuz Avropa Oyunlarına lisenziya qazanıb.
Lent.az-ın xəbərinə görə, Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Milli üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Yenə 2:0 hesabı ilə qalib gələn Səyyad həm qızıl medala, həm də Krakuv-2023-ə lisenziyaya sahib olub.
Ondan fərqli, Xanoğlan Kərimov (63 kq) bürünc medalla kifayətlənib. Təmsilçimiz moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Kristian Borqenə (Norveç, 0:2) uduzub və 3-cü yeri tutub.
Turnirdə sabah Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanır.
Qeyd edək ki, Səyyad Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci taekvondoçumuz olub. Ona qədər Həşim Məhəmmədov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakuv-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.