İyunun 11-dən iyulun 11-dək Avropanın 11 ölkəsində keçirilən AVRO-2020-yə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, 31 gün davam edən sayca 16-cı Avropa çempionatının həlledici qarşılaşması Londondakı “Uembli” stadionunda baş tutub.
- “Vest Bromviç” yeni baş məşqçisi ilə 4 illik müqavilə imzalayıb
- AVRO-2020: İspaniya yarımfinala yüksəlib
- Azərbaycan millisi FİFA reytinqində geriləyib
Tarixində ilk dəfə qitə çempionatının final oyununda qüvvəsini sınayan İngiltərə yığması doğma arenada İtaliyanı qəbul edib.
Görüş erkən qolla başlayıb. Artıq 2-ci dəqiqədə Lük Şou həm finalda, həm də özünün millidəki qol hesabını açıb.
Buraxılan qoldan sonra təşəbbüsə ələ alan İtaliya yığması böyük üstünlüyə yiyələnib. Lakin apenninlilərin aramsız hücumları yalnız ikinci hissənin ortalarında bəhrəsini verib.
Qarşılaşmada ikinci qolu da müdafiəçi vurub. Leonardo Bonuççi hesabda tarazlıq yaradıb.
Bu, görüşdəki son qol olub. Əlavə vaxtında tarazlığın pozulmadığı finalın və AVRO-2020-nin qalibini penaltilər seriyası müəyyənləşdirib.
Oyunsonrası “lotereya”da daha dəqiq olan italyanlar Avropa çempionu tituluna sahib çıxıb. Bu, 1968-ci ildə də qızıl medala yiyələnən İtaliya yığmasının ikinci qitə çempionluğudur.
Finalda qol vura bilməyən Harri Keyn bombardirlər yarışında liderlərə çatmayıb. Portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şik hərəyə 5 topla AVRO-2020-nin ən məhsuldar oyunçuları olub.
Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.
AVRO-2020
Final
23:00. İtaliya – İngiltərə - 1:1, pen. 3:2
Qollar: Lük Şou, 2 - Leonardo Bonuççi, 67
Baş hakim: Byörn Kuypers (Niderland)
London. “Uembli” stadionu