Kişinyova 19 saatlıq səfər təəssüratları – REPORTAJ
03 iyul 2010 12:00 (UTC +04:00)

Kişinyova 19 saatlıq səfər təəssüratları – REPORTAJ

Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”ın Moldovada “Olimpiya” klubu ilə iyulun 1-də keçirəcəyi oyuna 10 jurnalist ezam olunmuşdu.


Onların arasında Lent.az-ın əməkdaşı kimi bəndəniz də vardı. Klub rəsmiləri, bir qrup azarkeş və jurnalistlərin Kişinyova səfəri elə oyun günündə reallaşdı. Komandanın özü isə iyunun 25-dən “Zimbru” klubunun bazasında idi. Səhər saat 10:30 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanından charter reysi ilə yola düşən təyyarə oyun başa çatdıqdan sonra komandanı da geri qaytaracaqdı. Beləliklə, təyyarə uçuşa başladıqdan cəmi 19 saat keçmiş elə həmin məkanda yerə enməli idi. Amma bu 19 saat ərzində gördüklərimiz və eşitdiklərimiz haqda kifayət qədər yazı hazırlamaq olardı.


Etiraz aksiyası ilə qarşılanma

Kişinyov hava limanına 2,5 saatlıq uçuşdan sonra çatdıq. Çox da hərəkətli təsir bağışlamayan hava limanından çölə çıxarkən, etiraz aksiyası ilə qarşılaşdıq. Xeyr, əksəriyyəti qadınlardan ibarət 30-dək piketçi azərbaycanlıların Kişinyova gəlişinə etiraz etmirdi. Moldova dilində müxtəlif şüarlar səsləndirən və plakatlar nümayiş etdirən aksiya iştirakçılarının dərdi başqa idi. Jurnalist marağı bizi onlara yaxınlaşmağa sövq etdi. Əlimdə fotoqraf görən aksiyaçılar dərhal jurnalist olduğumu anladılar. Azərbaycandan olduğumuzu bildikdən sonra çəkinmədən dərdlərini danışmağa başladılar. Dedilər ki, əvvəllər hava limanında fəaliyyət göstərən bir firmada çalışıblar. Lakin həmin firma sonradan başqasına satılıb. Yeni firmanın sahibi isə keçmiş kollektivdən kütləvi şəkildə imtina edib. İndi piketçilər işə bərpa olunmalarını və onlara olan borcun qaytarılmasını tələb edirdilər. Biz hava limanında olduğumuz yarım saatadək müddətdə aksiyaçılara heç kim mane olmadı, polislər “dubinka”larla onları dağıtmadı. “Heç ölkəmizə qonaq gələnlər nə düşünərlər?” deyənlər də tapılmadı. Bizim əlimizdə isə onları lentə almaqdan başqa bir çarə yox idi.



3 leylik “Sport-Kuryer”

Amma biz Kişinyova etiraz aksiyasından reportaj hazırlamağa və piket-mitinq təcrübəsi keçməyə getməmişdik. Əsas işimiz “Olimpiya” – “Xəzər Lənkəran” matçını işıqlandırmaqdan ibarət idi. Buna görə də iyulun 1-də dərc olunan qəzetlər arasından idman mətbuatı ilə maraqlandıq. Köşkdən soruşduqda həmin gün cəmi 2 idman qəzetinin çıxdığını dedilər. Bunlardan biri “Sport” qəzeti idi. O daha çox idman nazirliyinin rəsmi orqanını xatırladırdı. Digəri isə “Sport-Kuryer” idi. 8 səhifə həcmində qəzet ağ-qara rəngdə nəşr olunur. Qiyməti Moldovanın milli pul vahidi ilə cəmi 3 leydir. Bu isə təqribən 17-18 qəpik edir. Qəzetin 2-ci səhifəsi bu oyuna həsr olunmuşdu. “Olimpiya”nın 17 yaşlı yarımmüdafiəçisi İbrahima Kamaranın müsahibəsindən əlavə, komandanın baş məşqçisi Nikolay Bunya ilə bir neçə futbolçunun oyun öncəsi mətbuat konfransında dedikləri əksini tapmışdı. Ümumilikdə isə oyuna elə də marağın olmadığı cəmiyyətin aynası sayılan mətbuatdan da sezilirdi. Sonradan bunun əyani şahidi olacaqdıq.

“Həmkarımın çörəyini əlindən almaq istəmirəm”

Hələliksə bizi “Zimbru”nun bazasına yol gözləyirdi. Moldovada dollar və ya avro ilə nə isə almağın çətin olduğunu bildikdən sonra bir qədər pul xırdalamağı məqsədəuyğun saydıq. 1 dolları 12,8 leyə xırdalamaq olardı. Hava limanından baxanda yaxınlıqda görünən şəhərin mərkəzinə mikroavtobusla yollandıq. Maşının içərisində 5-6 boş yer var idi. Hava limanından bir qədər aralanmışdıq ki, dayanacaqda duran bir neçə nəfərin mikroavtobusa əl etdiyini gördük. Lakin sürücü onlar üçün maşını saxlamadı. Halbuki biz buna etiraz etmirdik. Sürücü səbəbini belə izah etdi: “Mən artıq müştərilərimi götürmüşəm. Konkret qiymət da danışmışıq. Dayanacaqda gözləyənlərin isə avtobusu bir azdan gələcək. Onun sürücüsü də mənim həmkarımdır. O da pul qazanmaq istəyir. Buna görə müştərilərini yoldan götürüb, həmkarımın çörəyini əlindən almaq istəmirəm”.


Rusların yaratdığı oxşar problemlər

Dünyagörüşlü insan təsiri bağışlayan 50 – 55 yaşlı sürücü yolboyu Moldovanın tarixindən, hazırkı durumundan, ictimai-siyasi vəziyyətindən də danışdı. Moldovanın 2 əsrədək Osmanlı İmperiyasının təsiri altında qalmasından, daha sonra Rusiyanın əlinə keçməsindən, hazırda isə elə ruslar tərəfindən ölkənin şərqində tanınmamış Dnestryanı Respublikasının yaradılmasından danışdı. O dedi ki, həmin ərazi Rusiya qoşunlarının nəzarətindədir. “Dnestryanı” dövlətinin rəhbərliyi Moldovaya tabe olmaq istəmir, dövlət büdcəsinə vergi ödəmir. Amma qaz nəqli üçün vəsaiti almaq lazım gəldikdə, Rusiya Moldovadan “Dnestyanı” sakinlərinin istifadə etdiyi qazın da pulunu istəyir. Sürücünün sözlərinə görə, artıq neçə müddətdir ki, Moldova əhalisinin yaşayış şəraiti xeyli aşağıdır. Ölkədə işsizlik baş alıb gedir. İnsanlar dolanışıq üçün xaricə axışırlar. Bundan sonra sürücü Azərbaycanda da Dnestyanı ilə oxşar Dağlıq Qarabağ probleminin də mövcudluğundan, eləcə də ölkəmizin Müslüm Maqomayev kimi bəstəkar-müğənni yetişdirdiyindən xəbərdar olduğunu bildirdi.


Yerlə göy arasındakı fərq

Bazaya çatdıqdan az sonra şəhərlə yaxından tanışlığımız başladı. Bunun üçün bir taksiyə yaxınlaşıb, sürücüsündən bizi Kişinyovun mərkəzinə - gəzməli-görməli yerlərinin olduğu məkana aparmasını xahiş etdik. O da apardı. Amma hara? Kişinyov həm ərazisinə, həm də əhalisinin sayına görə kiçik şəhərdir. Cəmi 120 kvadratkilometr əraziyə malik şəhərin 786 min nəfər sakini var. Getdiyimiz yerlərdə elə də cəlbedici bir şey görmədik. Yalnız Kişinyovun Bakı ilə müqayisədə ekoloji cəhətdən nisbətən təmizliyini demək olar. Geniş parkları, yaşıllıqları var. Gəzişən kim, parkdakı skamyada dincələn kim, hətta uzanaraq, kitab oxuyan kim... Kişinyovda qiymətlər Bakı ilə müqayisədə ucuzdur. Xüsusən, xidmət və ictimai iaşə obyektlərində. Amma nə gözəlliyinə, nə də müasirliyinə görə iki paytaxt şəhər müqayisəyəgəlməzdir. Kişinyovda demək olar ki, yeni binaya rast gəlmədik. Üstəlik, köhnə binaların üzərində də təmir işləri aparılmırdı. Yalnız İtaliya səfirliyinin binası hündürlüyü və müasirliyi ilə seçilirdi. Amma deyəsən, bu binanın aşağı mərtəbələrində kommersiya obyektləri yerləşirdi.


“Voronin – vor v zakone”

Şəhər sakinlərinin demək olar ki, hamısı rus dilini bilir. Amma türkcə danışanlar da var. Bunlar ölkənin cənubunda yaşayan qaqauzlardır. Sakinlər arasında kiçik sorğu apardıq. Soruşduq ki, görək “Olimpiya” – “Xəzər Lənkəran” matçından xəbərləri var, yoxsa...? Demək olar, böyüklü-kiçikli hamısı “yox” dedi. Kişinyovda ən çox diqqətimi çəkən üzərində “Spune ce gandeşti!” yazılan lövhə oldu. Tərcüməsi “Düşündüklərini yaz” anlamına gələn lövhənin üzəri yazılarla dolu idi. Onların arasında Moldovanın keçmiş prezidenti Vladimir Voroninin qanuni oğru olmasından tutmuş (“Voronin – vor v zakone”) Rusiya prezidenti Dmitri Medvedevlə baş nazir Vladimir Putinin ünvanına Moldovan dilində mənası anlaşılmayan ifadələrə rast gəlmək olardı. Şəhər gəzintisini başa vuraraq, “Zimbru”nun bazasına qayıtdıq. Bizi bazaya gətirən taksinin sürücüsü rus idi. O da Dnestryanı problemindən danışdı. Amma problemi başqa mövqedən şərh etdi. Dedi ki, tanınmamış respublikanın sakinləri arasında əvvəlcədən də moldovalılar olmayıblar.


Baza, yoxsa biznes obyekti?

Bazaya çatarkən oyuna az qalırdı. Görüş elə “Zimbru” klubuna məxsus baza daxilindəki stadionda keçiriləcəkdi. Bu idman qurğusunun yerli futbolçuların yetişməsində böyük xidmətləri var. Burada bir neçə yaş qrupu üzrə futbol bölmələri fəaliyyət göstərir. Bazada təbii və süni örtüklü meydançalarla yanaşı, tennis kortu da var. Əsas stadionun tamaşaçı tutumu 10 min nəfərdən çoxdur. “Zimbru”nun prezidenti Nikolay Çyornıy “Xəzər Lənkəran”ın fəxri prezidenti və faktiki sahibi Mübariz Mənsimovun yaxın dostudur. “Olimpiya” ilə qarşılaşacağı müəyyənləşəndən az sonra komandamızın oyuna hazırlığı məhz bu bazada davam etdirəcəyi məlum oldu. İyunun 25-dən “Zimbru”nun bazasında olan “Xəzər Lənkəran”ın yüksək səviyyədə hazırlığı üçün burada hər cür şərait vardı. Halbuki Azərbaycanın ən imkanlı klublarında da bu cür şəraiti görmək qeyri-mümkündür. Bu gün “Zimbru”nu gəlirli biznes qurumları sırasına daxil etmək olar. Klubun əsas gəliri isə futbolçu satışındandır.


Maraqsız oyundan azarkeş narazılığı

Matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başladı. Oyunöncəsi şəhərdə apardığımız sorğunun nəticələrinin doğruluğu tribunalara azsaylı azarkeşin gəlməsi ilə təsdiqləndi. Tribunalarda uzağı 3000 tamaşaçı olardı. Bunu “Olimpiya”nın Kişinyovu yox, paytaxtdan bir qədər aralıdakı Beltsı şəhərini təmsil etməsi ilə də əlaqələndirmək olardı. Qarşılaşma o qədər də maraqlı alınmadı. Komandalar əsasən mübarizəyə meyl edir, qapılara doğru zərbələr çox az sayda vurulurdu. “Xəzər Lənkəran” demək olar ki, rəqibin qapı çərçivəsinə yaddaqalan zərbə endirmədi. “Olimpiya”nın isə cəmi bir real qol vəziyyəti oldu. İlk yarının son dəqiqəsində baş verən epizodda Georgi Ovsyannikov yaxın məsafədən topu qapının üstündən vurdu. Oyun elə başladığı kimi də yekunlaşdı. Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisinin əhvalı yerində idi. “Olimpiya”nın baş məşqçisi Nikolay Bunya ilə onun “Xəzər Lənkəran”dakı həmkarı Ağasəlim Mircavadov Kişinyovda vura bilmədikləri qolu iyulun 8-də vuracaqlarına əminliklərini ifadə edirdilər. “Xəzər Lənkəran”ın 10-dək azarkeşi isə sevimli komandalarının oyunundan heç də razı görünmürdü. Ümumiyyətlə, onlara həqiqətən də fanat demək olardı. Aralarında həm gənc, həm də yaşlı nəslin nümayəndələri vardı. Özləri ilə Kişinyova böyük ölçülü bayraq və iri baraban da aparmışdılar. Onlar bayrağı “Zimbru” stadionunun qapı arxasındakı tribunasından asmışdılar. Hələ Bakıdan yola düşməmişdən “Xəzər Lənkəran” barədə fikirlər səsləndirən azarkeşlər qarşılaşmanın ardından narazı tərzdə danışırdılar. Onlar “Olimpiya”nın Bakının “Olimpik-Şüvəlan” və Tovuzun “Turan” komandaları səviyyəsində olduğunu bildirir, Lənkəran təmsilçisinin belə kollektivlə bacara bilməməsinə təəssüflənirdilər.


Ağasəlim Mircavadovun istəyi

Şam yeməyini Ağasəlim Mircavadovla birgə yedik. Mircavadov cavab görüşündə mütləq qol vuraraq, növbəti mərhələyə çıxacaqlarını bildirdi. O, komandaya yeni transferlərin edilməsinin gərəkliyini də qeyd etdi. Çünki “Xəzər Lənkəran” “Olimpiya”nı keçəcəyi halda ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə üz-üzə gələcək.


Artıq Bakıya qayıtmaq vaxtı idi. Charter reysi üçün ayrılan təyyarə Kişinyov hava limanında gözləyirdi. Gecə saatlarında Moldova paytaxtını tərk etdik. Artıq Bakıya qayıdarkən, heç bir sutka tamamlanmamışdı. Cəmi 19 saatlıq səfər elə Heydər Əliyev Beynəlxalq Hava Limanında tamamlandı. Kişinyovdan bizə hansı xatirələr qaldı? Hələ demək çətindir... Bunu zaman göstərər!

Elşən Məmmədov
Bakı – Kişinyov - Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar