Zaqatalada 14 gündür itkin düşən hindistanlı turistin qardaşı danışıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qardaşı Dharan Kondaviti deyib ki, Manikant aprelin 26-da Hindistanı tərk edib:
“Təxminən iki həftədən sonra onunla əlaqə kəsilib. Manikant mayın 12-dən “Whatsapp” mesajlarına cavab verməyib. Əvvəlcə onun mobil şəbəkənin olmadığı əraziyə getdiyini düşünürdük. Ancaq iki gündən sonra həyəcan təbili çaldıq.
Manikant telefon danışıqlarının birində Zaqatala meşələrində gəzintiyə hazırlaşdığını deyib. O, mayın 17-də meşələri gəzdikdən sonra Bakıdan Özbəkistana uçmalı idi. Qardaşımın çantalarından biri hələ də otel otağındadır”.
Manikantla əlaqə kəsildikdən sonra ailəsi bu barədə Hindistanın Azərbaycandakı səfirliyinə məlumat verib. Diplomatlar yerli polis və səlahiyyətlilərin köməyi ilə turistin izinə düşməyə çalışıblar. Manikantın Mumbayda bir İT şirkətində çalışdığı bildirilir:
“Biz bilirik ki, Hindistan Xarici İşlər Nazirliyi onu tapmaq üçün mümkün olan hər şeyi edir, lakin yaşadığımız gərginlik kulminasiya nöqtəsinə çatıb. Dua edirəm ki, qardaşım sağ-salamat tapılıb evə gəlsin”.