Zaqatalada itən hindistanlı turistin axtarışları ilə bağlı son durum məlum olub.
Axtarışlarda könüllü iştirak edən dağçı Toğrul Cəfərov Lent.az-a hadisənin detallarını danışıb.
Onun sözlərinə görə, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathin mayın 11-də Zaqatalaya gəlib:
“O, bundan əvvəl Şəkidə olub. Şəkidə başqa bir turistlə görüşən Kondaveeti Manikathin onunla Zaqatalanın əsrarəngiz meşələri haqqında danışıb və bu rayona gedəcəyini bildirib. Mayın 11-də Zaqatalaya gələn Kondaveeti Manikathin otelə yerləşib. Mayın 12-də şəxsi əşyalarını oteldə qoyaraq dağa qalxmaq üçün Qəbizdərə kəndinə gedib”.
T.Cəfərov qeyd edib ki, turistin məqsədi Qəbizdərə kəndindən meşə yolu Honzoqor dağında yerləşən Şamil yaylağına getmək və Car kəndi istiqamətində yenidən Zaqatalaya enmək olub:
“Qəbizdərə kəndində yerli sakinlərlə görüşən Kondaveeti Manikathin Şamil yaylağına qalxmağın yollarını öyrənib və onlardan bəzi məsləhətlər alıb. Daha sonra yola düzələn turist yaylağa çatmağa az qalmış yerli sakinlərdən biri ilə qarşılaşıb. Yerli sakin turistə gedəcəyi istiqaməti göstərib və ona gec olduğu üçün bu gün geri qayıtmamağı tövsiyə edib. Hətta turistə otelə zəng etməkdə və həmin gün qayıda bilməyəcəyi ilə bağlı onlara xəbər verməkdə köməklik edib”.
Dağçı bildirib ki, turist həmin gün mənzil başına çata bilib:
“O, həmin gün Şamil yaylağına çatıb və orada qalan yerli sakinlə görüşüb. Kondaveeti Manikathin yaylaqda çoxlu fotolar çəkib, internetlə ailəsi ilə danışıb. O, ailəsinə həmin gecəni yaylaqda qalacağını və mayın 13-ü Car kəndinə enəcəyini deyib. Gecəni yaylaqdakı komalardan birində qalan turist səhər durub yola düzəlib. Həmin vaxtdan sonra onunla əlaqə kəsilib. Bundan narahat olan ailəsi dərhal Hindistanın Azərbaycandakı səfirliyinə məlumat verib. Səfirlik də dərhal hüquq-mühafizə orqanlarına müraciət edib və mayın 17-dən turistin axtarışlarına başlanılıb”.
T.Cəfərov qeyd edib ki, polislə bərabər axtarışlara Zaqatala qoruğunun əməkdaşları, yerli sakinlər, könüllü dağçılar və daxili qoşunlar da cəlb edilib:
"Axtarışda iştirak edənlər çox əziyyət çəkirlər. Mümkün olan əksər yerlərə baxılıb. Təəssüf ki, bu günə qədər axtarışlar heç bir nəticə verməyib".
Axtarışlarda iştirak edən dağçı T.Cəfərov Honzoqor dağından qeydə aldığı görüntüləri Lent.az-a təqdim edib: