“Zahid atasını göstərib dedi əmi, sən qarışma, bu iti öldürəcəm”  - Şüvəlandakı cinayətin MƏHKƏMƏSİ
05 fevral 2026 11:53 (UTC +04:00)

“Zahid atasını göstərib dedi əmi, sən qarışma, bu iti öldürəcəm” - Şüvəlandakı cinayətin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Şüvəlanda dostunun atasını öldürməyə cəhd edən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  zərərçəkənin ifadəsi ilə davam edib.

Zərərçəkən İnqilab Bayramov təqsirləndirilən Zahid Bayramovun qonşusu olduğunu bildirib:

"Mən Mirmövsum ağanın ziyarətgahının yanında qurbanlıq qoyun stışı işindəyik. Səhər Zahid gəldi ki, niyə tək işləyirsən, gələrdim köməyə. Dedi get dincəl əmi, mən buradayam. Saat  11-in yarısı olardı. Gedib yatdım, 7-yə qalmış oyandım. Ədalət , Zahidin atası gəldi ki, bu vicdansız mənim canımı boğazıma yığıb. Onun sözlərinə görə, anası araya girməsəydi, əlimdən xəta çıxacaqdı. Dedi, sən Allah, üstündə gözün olsun, onda bıçaq var. Ədalət Zahidin gəldiyini görən kimi dedi ki, ay vicdansız, gəlibsən ki, İnqilab əminə  sığınasan? Zahid dedi əmi, sən qarışma, bu iti öldürəcəm. Ona dedim bala, ayıb deyil, atana it deyirsən? Ədalətin halı yaxşı deyildi, bir onu dedi ki, ay bala, mən sənə  neyləmişəm ki? Zahid dedi ki, əmi, qarışma, bu it  ölməlidir. Qolundakı bıçağı çıxarıb Ədalətin üstünə cumanda mən də əlimdəki çubuğu onun qabağına tutdum ki, atasına dəyməsin. Elə bu zaman Zahid əlindəki  bıçağı sinəmə sapladı. Halım qarışdı, vəziyyətim pisləşəndən sonra bildim ki, mənə 7 bıçaq zərbəsi vurub. O halımda Ədalətə dedim ki,  yabanı ver, bunun qabağına tutum. Elə bu vaxt bir qadın çığırdı ki, polis gəldi. Bunu eşidən kimi qaçıb aradan çıxdı. Atası ilə kəsdiyim duz-çörəyə görə şikayətçi deyiləm".

Növbəti şahid ifadələrinin dinlənilməsi üçün  proses 19 fevral saat 11:00-a təyin  olunub.

Xatırladaq ki, ittiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar