ABŞ-ın Ohayo ştatından olan 13 yaşlı Ceykob Stivens məşhur “TikTok” çağırışını təkrarlamaq istəyərkən ölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeniyetmə yarışmada iştirak etmək qərarına gəlib, iştirakçılar reseptsiz satılan dərmandan 12-14 həb qəbul edirlər ki, bu da onlardan bəzilərində hallüsinasiyaya səbəb olur. Videonun çəkilişi zamanı o, dostlarının yanında olub. Həbləri qəbul etdikdən qısa müddət sonra Stivens özünü pis edib.
Həkimlər yeniyetməni süni nəfəs aparatına qoşublar. Altı gün sonra ölüb.
Stivensin qohumları deyiblər ki, onlar bu cür dərmanların alınmasında yaş həddi qoyulmasını təmin etmək niyyətindədirlər. Bundan əlavə, onlar “TikTok” və digər sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq etməyi və qeydiyyat üçün şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edirlər. “Mən əlimdən gələni edəcəm ki, başqa heç bir uşaq bunu yaşamasın”, - yeniyetmənin nənəsi vurğulayıb.
Təhlükəli “TikTok” çağırışları dəfələrlə azyaşlıların ölümünə səbəb olub. Məsələn, yanvar ayında argentinalı 12 yaşlı Milaqros Soto sözdə blekaut-çağırış səbəbindən ölüb. Qız “TikTok” üçün video çəkməyə çalışarkən qəsdən özünü boğmaq qərarına gəlib. Yaxınları onu huşsuz vəziyyətdə tapıblar və tibb işçiləri onun öldüyünü bildiriblər.