Ziya Məmmədovun qardaşı oğlu: "Ağsaqqalım dedi, pulu götürsən..."
26 yanvar 2018 13:36 (UTC +04:00)

Ziya Məmmədovun qardaşı oğlu: "Ağsaqqalım dedi, pulu götürsən..."

 

Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

 

Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqı açıq elan edilib.

 

Prokuror ittiham aktını elan edib.

 

 

İttihama münasibət bildirən idmançı özünü təqsirli bilməyib.

 

Məlum olub ki, zərərçəkmiş şəxs Elnur Məmmədov (sabiq deputat Elton Məmmədovun oğlu. Fotoda sağda) mülki iddia qaldırıb.

 

 

Prosesdə zərərçəkmiş şəxs qismində Elnur Məmmədov dindirilib. O bildirib ki, Rövşən Heybətovu 10 ildir tanıyır: "Çörək kəsmişik. Haqqında yaxşı şeylər eşitmişik. 2015-ci ildə idman maşınım vardı. 125 min manata satmışdım. Pulum vardı. İstəyirdim, Almaniyadan maşın alam. Sonra Rövşən dedi ki, neynirsən, maşın alırsan, gəl iş quraq. Razılaşdım. Dedi ki, ordan gələn pulla daha yaxşı maşın alarıq".

 

 

Zərərçəkmiş şəxs bildirib ki, Rövşənə həmişə dəstək olub: "Ona etibar elədim, nə problemi olub, kömək etmişəm. 210 min dollar vəsait lazım idi. Getdim ağsaqqalımla, yəni atamla tanış elədim. Atamla Rövşən söhbət elədi. Orda da atam buna dedi ki, pulu götürsən, nə olsa, cavabdeh sənsən. Rövşən də razılaşdı. Atam da xeyir dua verdi.  100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min pul götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, elə olsun, pul batmasın".

 

Sabiq deputatın oğlu bildirib ki, həmin pulları Rövşən özü ilə Türkiyəyə aparıb: "Özüylə gedəndə iki idmançı aparmışdı. Ora çatanda mənə dedi ki, pulu götürmüşəm. Sonra özüm də Türkiyə uçdum. Yolda mənə video atdı ki, maşın icarəyə götürüb. Dedim ki, ehtiyatlı ol.  Bir müddət keçəndən sonra Rövşənin özü ilə apardığı uşaqlar mənim qabağıma qaçdı. Dedilər, Rövşən qəza törədib. Zəng elədim. Dedi ki,boynum qırılıb. Qaçdım xəstəxanaya. Gördüm sağlamdı, lakin özünü başqa cür apardı. Sual verdim, qəribə cavablar verirdi. Soruşdum, pul hanı dedi, nə pul, maşından aparıblar. Getdik polisə. İfadəsini aldılar. Orda pulu istədik. Polisdə dedilər ki, avtomobildə pul olmayıb”.

 

Elnur Məmmədov bildirib ki, sonradan aldandığını anlayıb: "Avtomobilə gedib baxdım ki, udar yoxdu. Rövşəni çəkdim ki, necə  olacaq. Dedi, vəziyyətimi görmürsən?! Aramızda dava oldu. Sonra qayıtdıq Bakıya. Atamla danışdı. Orda ağsaqqala dedi ki, evini bizim adımıza keçirəcək. Sonra onu da eləmədi. Ölkəni tərk elədi. 10 gündən bir danışa bilirdik. Bir dəfə 20 min dollar, 5 min dollar göndərdi. Sonra bu da kəsildi. Ümumilikdə, iki il ərzində 144 min dollar pul verib".

 

 

 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı,  sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

 

E.Məmmədov  Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

 

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

 

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

 

Onu da qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti  olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Səlcuq Elçin

Oxşar yazılar