Baş Dövlət Yol Polisi İdarəsi içərisində Müsavat Partiyasının başqanı İsa Qəmbərin olduğu avtomobilin yol polisi əməkdaşları tərəfindən saxlanılmasına aydınlıq gətirib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, içərisində İsa Qəmbərin də olduğu avtomobilin sürücüsü surət həddini aşdığı üçün Qəbələ rayonu ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün sənədləri yoxlanılarkən onun həmin avtomobili idarə etmək üçün etibarnaməsinin vaxtının keçdiyi məlum olub və avtomobilin sahibi orada olmadığı üçün həmin avtomobil cərimə meydançasına aparılıb.
Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Zaqatala rayonuna yas mərasiminə gedərkən Qəbələ rayonu ərazisində Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb.