Sumqayıtda Stalin davası, erməni şəri, “təkgöz” təxribatçı – <span style="color:red;">İstintaq davam edir
07 oktyabr 2019 20:15 (UTC +04:00)

Sumqayıtda Stalin davası, erməni şəri, “təkgöz” təxribatçı – İstintaq davam edir

 

İlham Tumas

Sumqayıt, 1963-cü il noyabrın 7-si, səhər saatları. O zaman “Qorkom” adlandırılan binanın qarşısında proletariatın böyük rəhbəri Vladimir İliç Leninin nəhəng heykəli vardı. Bir azdan onun qarşısından Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü münasibətilə zəhmətkeşlərin paradı keçəcəkdi.

Paradda başıpozuqluq...

Həm Sumqayıt Şəhər İcraiyyə komitəsinin, həm də tədbirin keçirilməsi üçün yaradılmış komissiyanın sədri, respublikanın birinci katibi Vəli Axundovun qardaşı Kamal Axundovun 24 oktyabr 1963-cü ildə təsdiq elədiyi direktiv təşkilatlara və müəssisələrə göndərilmişdi. Burada tədbirin saat neçədə başlayacağı, insanların harada toplaşacağı, hansı marşrut üzrə hərəkət edəcəyinə qədər hər şey yazılmışdı. Direktivə əsasən Boru prokat zavodundan 4 min, Alüminium zavodundan 1000, Sintetik kauçuk zavodundan 2500 fəhlə və qulluqçu, 5 min pioner və məktəbli, 4000 min tibb işçisi, 1000 nəfər ticarət və ictimai iaşə işçisi paradda iştirak eləməliydi.

Bəli, parada start veriləcək və tribunadan Sovet İttifaqı Kommunist Partiyasının, Leninin, Marksın, Engelsin və təbii ki, Nikita Xruşşovin şərəfinə şüarlar səslənəcək. Yəni, parad həmişəki kimi başlayacaq, davam edəcək və başa çatacaq. Ancaq yox, bu dəfə hər şey həmişə olduğu kimi olmur. Paradın başa çatmasına az qalmış – saat 11.30-da birdən nümayişçilərin cərgəsində qarışıqlıq başlayır. Sən demə, nümayişçilərdən birinin yaxasında Stalinin kiçik şəklini görən trestin partiya təşkilatı sədri Ərşad Kərimov şəkli qopararaq yerə atır. Əslində, 1953-cü ildən sonrakı paradlarda Marks, Engels, Lenin, Xruşşovla yanaşı Stalinin də xırda, yaxud orta ölçüdə şəkillərini parada gətirməyə heç kəs etiraz eləmirdi. Etiraf olunmalıdır ki, həmin illərdə yaşayan orta nəslin nümayəndələri Böyük Vətən Müharibəsinin sərt sınaqlarını yaşamışdılar – kimi arxa cəbhədə, kimi də öndə. Gənc nəslin uşaqlığı və yeniyetməliyi isə faşizmin kökünü kəsmiş sovetlərin ideoloji qalibiyyət şüarları ilə keçmişdi. Bu iki amilin hər biri Stalin şəxsiyyətinə pərəstiş elementləri ilə zəngindir: birincilər “Stalin uğrunda”, ikincilərsə “Yaşasın Stalin!” demişdilər. Ancaq 1961-ci ildə baş tutmuş sonuncu qurultayın qərarları artıq qəti şəkildə tətbiq olunmağa başlamışdı.  

Leninlə danışan deputat

Sovet İttifaqı Kommunist partiyasının 22-ci qurultayı, 1961-ci il oktyabr ayının 17-dən 31-dək, qurultayların tarixində ilk dəfə olaraq, Kreml Sarayında keçirildi. Mərkəzi Komitənin rəhbəri Nikita Xruşşov çıxışında hamını inandırmağa çalışdı ki, 1980-ci ildə SSRİ-də kommunizm qurulacaq. Baş katibin çıxışında bir mühüm cəhət də o oldu ki, 1956-cı ildə keçirilmiş 20-ci qurultayla başlamış Stalinin şəxsiyyətinə pərəstişlə mübarizənin daha da gücləndirilməli olduğu xüsusi vurğulandı. Qurultay ərəfəsində, həm də qurultay vaxtı Xruşşov və onun tərəfdarları əvvəlki illərlə müqayisədə Stalin repressiyası haqqında materialların dərc olunmasına daha geniş yer verdilər. Rəhbərin çıxışı isə o qədər amansız idi ki, hətta dissident Soljenitsın belə heyrətlənərək yazmışdı: “Çoxdandı 22-ci qurultayda oxuduğum nitq qədər maraqlı bir şey mütaliə eləməmişdim”.

Ancaq bunlar, necə deyərlər, hələ kinonun jurnalı idi. Qurultayın son günü 60 illik deputat stajı olan Lazurkina soyadlı bir qadın çıxışında deyir: “Mən bu günlərdə dahi rəhbərimiz Vladimir İliçlə danışdım. O elə bil qarşımda canlı dayanmışdı. Yoldaş Lenin dedi: “Partiyaya bəlalar gətirmiş Stalinlə tabutda yanaşı olmaq mənə qətiyyən xoş deyil”.

Artıq məsələ məlum idi, hər şey Xruşşovun cızdığı plan üzrə gedir və Stalinin cənazəsi mavzoleydən çıxarılaraq Kreml divarına gömülür.

 

Dava qızışır

 

22-ci qurultayın qərarları ilə tanış olduqdan sonra qayıdaq Sumqayıtın Lenin meydanında Stalinin portretini başı üstünə qaldıran fəhlələrə. Orda qalmışdıq ki, nümayişçilərdən birinin yaxasında Stalinin kiçik şəklini görən trestin partiya təşkilatı katibi kobud şəkildə şəkli qopararaq yerə atır.

Bunu görən digər fəhlələr yoldaşlarının müdafiəsinə qalxırlar. Mübahisəyə Sumqayıtın hərbi komissarı podpolkovnik Krol qoşulur. Hadisələrin şahidlərinin, iştirakçılarının, hətta həmin dövrdə Sumqayıt milis rəisinin müavini işləmiş kapitan David Kldiaşvili özü də etiraf edir ki, kütlənin daha çox qəzəblənməsinin əsas səbəbkarlarından biri şəhərin hərbi komissarı podpolkovnik Krol olub. Krolun Stalinin portretini aparan nümayişçiyə qarşı sərt və kobud hərəkəti, porterti əlindən alıb yerə atması, onu hədələməsi ətrafdakıların adekvat reaksiyasına səbəb gətirib çıxarıb.

Bundan sonra baş verən hadisələri Sumqayıt Şəhər partiya komitəsinin 1-ci katibi Nadir Balakişiyevin Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin iclasındakı çıxışından izləyək. Balakişiyev deyir: “Saat 10-da nümayiş başladı və saat yarım çəkdi. Saat 12-nin yarısında transparantlarla bəzədilmiş maşın dayandı. İşçilər keçdilər. Biz maşının hərəkət eləməsini gözləmədik və nümayişi dayandırdıq. Bütün yoldaşlar şəhər partiya komitəsinin binasına qalxdılar. 15 dəqiqə sonra səs-küy eşitdik. Pəncərədən baxanda gördük ki, həmin maşının yanına çoxlu adam toplaşıb. Qərara alındı ki, Büro üzvləri aşağı düşüb səs-küyün səbəbini öyrənsin”. 

 

Aşağıda nə baş verirmiş?

Büro üzvləri aşağı düşürlər və görürlər ki....

Bir nəfər transparantlarla bəzədilmiş yük maşınının üstünə çıxıb, Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlərinin portretlərini çəkiclə sındırır. Başqa biriləri Xruşşovun mədəniyyət evinin divarına vurulmuş portretini daşa basır, digəri əlində Stalinin böyük portretini yelləyir. Xruşşovun portretini cıran, Stalinin portretini yelləyənlər, “za Stalina, za rodinu” deyib, portret cırmaqdan, daşımaqdan bezir və hakimiyyət adamlarına hücuma başlayırlar...

Sonradan bu hadisələrlə bağlı ifadə verən xalq drujinaçısı Cahid Hüseynov şahid ifadəsində yazacaq: “Bir nəfər Stalinin şəklini başı üstünə qaldırıb “ura” qışqırdı. Birdən fit səsləri eşitdim və dedilər ki, klubun yanında komsomol katibi Ağamoğlanovu döyürlər. İnsanlar həmin yerə çatanda Sumqayıt şəhərinin hərbi komissarı podpolkovnik Krolu döyürdülər. Kütlə bizi şərəf lövhəsinə tərəf sıxırdı. Bu vaxt milis rəisinin müavini David Kldiaşvilini vurdular”.

 

Milis bölməsinə hücum

Bundan sonra qəzəblənmiş kütlə 1963-cü ildə Sumqayıt şəhər milis bölməsinə hücum edir. O vaxt bölmə şəhərin “Katej” adlanan hissəsində yerləşirdi. Beləliklə, Lenin adına meydandan başlanan qarışıqlıq artıq milis bölməsinin qarşısında daha qəzəbli formada davam edir.

Binanın pəncərələri sındırılır, milis motosikletləri yandırılır, iki milis avtomobili zədələnir, kütlə hətta, şöbəyə daxil olmağa çalışır. Milislər havaya atəş açırlar. Sonradan məlum olur ki, bu qarışıqlıqda idarədən 100-150 metr məsafədə 12 yaşlı Sumqayıt sakini Eyvaz Eyvazov yüngül güllə yarası alıb. Yeniyetməni kimin yaraladığı bilinmir. Saat 14.30-da paytaxtdan gələn kömək sayəsində iğtişaşı yatırtmaq mümkün olur, istintaq başlayır. Ancaq saxlananlardan kimlərin istintaqa cəlb olunmasına keçməzdən əvvəl, gəlin, bu hadisənin doğurduğu əks-sədaya, reaksiyalara diqqət edək.

Fürsətcil bədxahlar və yenə erməni barmağı

Sirr deyil ki, o dövrdə respublikalarda törənən hər irili-xırdalı naxoş olayları millətçilik kimi təqdim eləmək sanki dəb halını almışdı. Ələlxüsus, bu olay Azərbaycanın ikinci iri sənaye şəhəri Sumqayıtda baş verirsə, deməli, bədxahlar yetəri qədər olacaq. Bu baxımdan təbii ki, baş verənləri həm o vaxtlar, həm də illər keçəndən sonra bəziləri milli münaqişə kimi qələmə verməyə çalışıblar və çalışırlar. Özünün qərəzli ermənipərəst mövqeyi ilə seçilən jurnalist Vitali Romanovun “Nəyə görə Sumqayıt?” məqaləsinə diqqət edək:

Romanov 1988-ci ildə erməni fitvası ilə baş vermiş hadisələri 1963-cü ilin 7 noyabr olayı ilə müqayisə edərək yazır: “1963-cü il noyabr ayının 7-də Sumqayıtın azərbaycanlı sakinləri tərəfindən bir neçə milis şöbəsi dağıdılmış, milis rəisi, bir nəfər rus əsgəri öldürülmüşdü. Bu hadisə birbaşa başqa millətlərə qarşı yönəlmişdi. Təsadüfi deyil ki, noyabr ayının 15-də Kubanın SSRİ-dəki səfiri Karlos Olivares Sumayıt İstilik Elektrik stansiyasında təcrübə keçən 4 nəfər kubalının başqa yerə keçirilməsi ilə bağlı müraciət etmişdi. Məsələylə bağlı Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axudova məlumat verilsə də, Axundov problemin həlli əvəzinə, onu ört-basdır etmişdi. Xüsusilə qeyd edək ki, təkcə kubalılara qarşı yox, bu hadisələrdə ruslara, daha çox isə ermənilərə qarşı zorakılıq olmuş, onlarla adam yaralanmışdı”.

Görürsünüz, Romanov utanmadan bu hadisənin guya milli azlıqlara, hətta ermənilərə qarşı yönəldiyini iddia eləyir. Müəllif yalanlarına o qədər aludə olur ki, şöbələrin dağıdıldığını, bir milis zabitinin, bir rus əsgərinin öldürüldüyünü, onlarla erməninin yaralandığını belə yazır. Ancaq hadisələr indiyə qədər sizə danışdığımız kimi olub və bundan o tərəfi yoxdur. Yəni, bir bölmənin binası daş-qala edilib, bir nəfər azərbaycanlı yüngül yaralanıb. Həm də 1963-cü ildə baş vermiş bu hadisə Sovetlər Birliyində ilk analoji olay deyildi.

Çalxanan SSRİ

1961-ci ildə Murom şəhərində bir nəfər fəhlənin milislər tərəfindən döyülməsinə etiraz olaraq 1500-dən insan milis şöbəsinə basqın eləmiş, 70 xidməti silah və 1000-də artıq döyüş patronu ələ keçirmişdi.

1962-ci ildə Novoçerkassk sakinləri qiymətlərin qalxması, maaşların azalması səbəbindən qiyam qaldırmış və bu qiyam böyük dağıntılara, insan tələfatına səbəb olmuşdu.

1963-cü ilin noyabr ayında Krivoy Roq şəhərində baş verən qarışıqlıq 3 gün davam eləmiş, iğtişaşlarda 4 nəfər ölmüşdü.

Milis kapitanını kim vurmuşdu?

Jurnalist dostumuz Asəf Quliyevin həmin hadisə barədə çəkdiyi “Çörək qiyamı” sənədli filmində müsahibə verən milis kapitanı David Kldiaşvilinin özünü dinləyək: “Mən sağalıb xəstəxanadan çıxanda bildim ki, bu hadisələrə görə, təxminən 20-22 adam həbs ediblər. Ancaq məni vuran adam həmin insanların içində görmədim. Çünki mən onu yaxşı tanıyırdım, gözünün biri yox idi, qoyma gözü vardı. Həm də hesab edirdim ki, o, rusdur. Bir dəfə işdən gecə saat 2-də qayıdırdım. Səməd Vurğun küçəsi ilə gedəndə gördüm ki, bir adam evin həyətinə qaçdı. Mənimlə eyni binada yaşayan zabit də yanımdaydı. Biz onun dalınca düşdük və tutub işığa çıxardıq, gördüm ki, məni vuran adamdı, milliyətcə rus, bir gözü də qoyma”.

Beləliklə, məlum olur ki, milis kapitanını vuran şəxs rus millətindən olub. Tələsməyin, onun adını istintaq boyu siz də eşidəcəksiniz. İndi haqq dünyasında olan vicdanlı milis zabiti David Kldiaşvilinin sözlərinə qüvvət üçün deyək ki, istintaqın düzgün aparılması üçün hadisənin səbəblərini araşdırmaq lazımdır. Səbəblərsə o qədər də dərində deyildi. Səbəb iqtisadiyyatda idi...

Xruşşovun “kukuruzu”, yeni pulu, islahatları...

Xruşşovun 1957-ci ildə başladığı iqtisadi islahatlar müsbət nəticə vermədi. İslahat nəinki ölkənin qızıl ehtiyatlarını qorudu, əksinə, ildən-ilə bu ehtiyat sürətlə azalmağa başladı. Əgər 1953-cü ildə sovet hökuməti Moskva Xalq Bankı vasitəsilə xaricdən ərzaq məhsulları almaq üçün 250 ton qızıl sərf eləmişdisə, bu rəqəm 1963-64-cü illərdə, yəni islahatların guya sürətləndiyi vaxtlarda nə az, nə çox - 1244 ton təşkil eləmişdi. 1961-ci ildə həyata keçirilən pul islahatı isə rublun devalvasiyasına səbəb oldu. 1962-ci ildən başlayaraq, ölkənin bir çox yaşayış məntəqələrinə gündəlik məişət və ərzaq məhsullarının çatdırılmasında problemlər oldu, ət və ət məhsullarının, kərə yağının qiyməti qalxdı, bir çox şəhərlərdə çörək növbələri və çörək qıtlığı yarandı. Ölkənin bır sıra yerlərində, o cümlədən – Krasnodarda, Riqada, Çelyabinskdə, Leninqradda, Omskda, Donetskdə zəhmətkeşlərin tətilləri və etirazları başladı. Əmək şəraitinin pisləşməsi, əmək haqlarının azlığı keçmişə nostalji hissi aşılayırdı. İnsanlar müharibədən sonrakı ucuzlaşmanı hələ unutmamışdılar. Ona görə də sadə camaat qətiyyətli və möhkəm adamdan - Stalindən danışırdı.

DTK işə başladı

İndisə gələk hadisəylə bağlı barələrində cinayət işi açılanlara. Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq şöbəsinin böyük müstəntiqi mayor Ernest Baqratoviç Arutyunovun 11 noyabr 1963-cü il tarixdə verdiyi qərardan oxuyuruq:

“Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə daxil olmuş materialı nəzərdən keçirərək, müəyyən etdim:

7 noyabr 1963-cü il tarixdə Sumqayıt şəhəri Lenin meydanında ayrı-ayrı xuliqan şəxslər iğtişaş törədib. Nəticədə kommunist partiyası və bəzi Sovet rəhbərlərinin portretləri cırılıb, milis bölməsi binasının şüşələri sındırılıb, 2 milis motosikli yandırılıb, hakimiyyət orqanlarının nümayəndələri döyülüb. Azərbaycan SSRİ Cinayət prosessual məcəlləsinin 104, 109 və 131-ci maddələrini rəhbər tutaraq qərar verdim:

Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi başlansın.

İşi öz icraatıma götürürəm və ilkin istintaqa başlayıram. Qərarın surəti Azərbaycan SSRİ prokurorluğuna göndərilir”.

Beləliklə, böyük müstəntiq mayor Arutyunov Ernest Baqratoviçdən, baş leytenant Səlimzadə Əkrəm Qasım oğlundan, leytenant Qurbanov Arif Əli oğlundan və kapitan Nəcəfqulu-zadə İsfəndiyar Heydər oğlundan ibarət müstəntiq briqadası istintaqa başlayır.

Həbs olunanlar kimlər idi?

Hadisəylə bağlı çoxlu şahid ifadələri alındığından, həmçinin ittiham olunanların dindiriliməsi xeyli çəkdiyindən istintaq müddəti iki dəfə uzadılır. Əvvəlcə iğtişaşla bağlı həbs olunanlara tanış olaq:

Bayramov Asif Humay oğlu. Milliyyəti azərbaycanlı. 1927-ci ildə Azərbaycan SSRİ Qubadlı rayonunun Çardaxlı kəndində anadan olub, 5 sinif bitirib. Ailəlidir, 4 övlad var. Sumqayıt Boru Prokat zavodunda çilingər işləyir. Əvvəllər məhkum olunmayıb. “Donanma və Ordunun 30 illiyi” yubiley medalı ilə təltif olunub. 

Mahmudov Yaşar Müseyib oğlu. Milliyyəti azərbaycanlı. 1941-ci ildə Azərbaycan SSRİ Astara rayonunun Pensər kəndində anadan olub. Orta təhsillidir, subaydır. 19 saylı Tikinti İdarəsində sürücü işləyir. Əvvəllər məhkum olunmayıb.

İbrahimov Səməndər Adil oğlu. Milliyyəti azərbaycanlı. 1940-cı ildə Azərbaycan SSRİ Tovuz rayonu Əsrik Cırdəxan kəndində anadan olub. Orta təhsillidir, subaydır. 2 saylı Xüsusiləşdirilmiş mexanizasiya idarəsində ekskavatorçu işləyir. Əvəllər məhkum olunmayıb.

Şevçenko Nikolay İvanoviç. Milliyyəti rus. 1938-ci ildə Azərbaycan SSRİ Saatlı rayonu Krasnoselo kəndində anadan olub. 7 sinif bitirib. Kimyəvi təhlükəsizlik qurğularının montajı idarəsində çilingər işləyir. Əvvəllər məhkum olunmayıb.

Mahmudov Ənvər Məhərrəm oğlu. Milliyyəti azərbaycanlı. 1940-ci ildə Azərbaycan SSRİ Nuxa rayonu Bideyiz kəndində anadan olub. 7 sinif təhsili var. Subaydır. 73 saylı Tikinti İdarəsində daşyonan işləyir. Əvvəllər məhkum olunmayıb.

Əlimirzəyev Miriş Bulud oğlu. 1938-ci ildə Azərbaycan SSRİ Yardımlı rayonunun Separadi kəndində anadan olub. Uşaq Evində böyüdüyündən, valideynlərini xatırlamır. Orta təhsillidir, ailəlidir, 2 övladı var. Su kanal kontorunda çilingər işləyir. Əvvəllər məhkum olunmayıb. “Qafqazın müdafiəsi uğrunda” yubiley medalı ilə təltif edilib.

İstintaq materiallarından oxuyuruq...

Bəri başdan deyək ki, həm Dövlət Təhlükəsizlik Komitəsində aparılan istintaqda, həm də məhkəmə prosesində şahidlərin, ittiham olunanların, zərərçəkənlərin ifadələrinin köməyi ilə 1963-cü il noyabr ayının 7-də baş vermiş bu hadisə haqqında kifayət qədər informasiya əldə eləmək mümkündür. Cinayət işinin materiallarından bəzi məqamlara diqqət edək.

Şahidlər deyirlər ki, 24 yaşlı çilingər Miriş Əlimirzəyev Sumqayıt Ağac Emalı zavodunun bayramsayağı bəzədilmiş maşınının şüşələrini sındırmış, Kommunist partiyası və Sovet rəhbərlərinin plakatlarını çəkiclə dağıtmışdır. Ona bu işdə 22 yaşlı Yaşar Mahmudov kömək eləmişdir. Yaşar Mahmudov həmçinin Xruşşovun portretini daşlamış, milis kapitanının döyülməsində iştirak etmişdir. 25 yaşlı Nikolay Şevçenko plakatları qoparmış, milis kapitanına ağır bədən xəsarəti yetirmişdir. Daşyonan Ənvər Məmmədov isə meydan boyu qaçaraq, Kommunist partiyasını və Sovet hökumətini devirməyə yönəlik şüarlar səsləndirmişdir.

Ancaq ittiham olunanlar tamam başqa şeylər danışırlar. Məsələn, Əlimirzəyev Miriş ifadəsində yazır: “Mən özüm drujinaçıyam. Paradın sonuna az qalmış yaxındakı bufetə getdim. Orda 5-6 nəfər yemək yeyərək, içirdilər. Mən də 50 qram kolbasa ilə 200 qram Bakı arağı içdim, gəldim meydana. Burda artıq ara qarışmışdı. Mən həyəcandan maşının şüşəsini sındırmışam. Ancaq partiya və hökumət barədə hansısa yanlış fikir işlətməmişəm, işlətmərəm də”. 

Yaxud, Mahmudov Ənvərə qarşı əvvəlcə hansısa Babayan soyadlı ermənini döydüyü haqda ittiham oxunsa da, sonradan bu fakt təsdiqini tapmır və həmin maddə onun üstündən götürülür.

İstintaq gedişində ən çox diqqətçəkən şəxs Bayramov Asif Humay oğludur. Asif bütün istintaq boyu günahsız olduğunu, milis işçiləri tərəfindən şərlənərək həbsə atıldığını deyir və yazır. Onun 1964-cü il yanvar ayının 24-də istintaqa verdiyi ifadəsindən oxuyuruq: “Mən səhər saat 6-da durub çörək növbəsinə getdim. Saat 11-ə kimi növbədə oldum, çörək alıb evə qayıtdım. Sonra bir tanışımı görmək üçün evdən çıxdım. Onu tapmadım, evə qayıdanda milis şöbəsinin qarşısında səs-küy eşitdim. Maraqlandım, ora getdim. Gördüm ki, şüşələri sındırırlar. Mən geri qayıdanda şöbədən 1 kilometr məsafədə qarışıqlıqda məni də milislər tutub maşına basdılar, döydülər, şöbədə 32 manat pulumu, bel kəmərimi aldılar, sonra da bura gətirdilər”.

Bütün istintaq boyu dəfələrlə ifadəyə imza atmaqdan imtina eləyən Bayramov Asif işinə Moskvadan çağırılacaq komissiyanın baxmasını istəyir və buna görə hətta, aclıq elan edir...

O, 1963-cü il noyabr ayının 25-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Vəli Axundova ünvanladığı, qrammatik səhvlərdən xali olmayan ərizəsində yazır: “Mənim işimə baxılması üçün Moskvadan komissiya gəlsin, mən böhtana düşmüşəm. Yoldaşım bisavad kəndli qızıdır, 4 uşağım var, mən günahsızam, uşaqlarım acdılar. Moskvadan komissiya gələnə qədər aclığı davam etdirəcəm”.

Asifin həyat yoldaşı və qardaşı da həm SSRİ Nazirlər Soveti yanında DTK sədri Sviquna, həm də birinci katib Vəli Axundova dəfələrlə müraciət edərək bildirirlər ki, günahsızdır, ona böhtan atılıb, həmçinin himayəsində 4 azyaşlı uşaq olduğu nəzərə alınmalıdır.

İbrahimov Səməndərin 1 yanvar 1964-cü ildə istintaqa yazdığı ərizədən isə oxuyuruq: “Mən istintaqda özümü yaxşı aparmamışam. İndi hökumət və ailəm qarşısında günahımı yumaq istəyirəm. Hələ kənd məktəbində oxuyarkən Stalinə məhəbbət bəsləyirdim. Özümü stalinçi hesab edirdim. Meydanda Stalinin şəklini qaldırmağa icazə verməyəndə,  qəzəbləndim və milisə hücum edənlərə qoşuldum. Ancaq indi dərk edirəm ki, səhv etmişəm”.

Beləliklə, Dövlət Təhlükəsizlik Komitəsində aparılan 67 saylı cinayət işi üzrə istintaq yekunlaşır, 6 nəfər barəsində hökm çıxarılması üçün iş məhkəməyə göndərilir. 1964-cü il iyunun 8-də başlanan məhkəmə prosesi 19 iyunda başa çatır. Məhkəmədə müttəhimlərə son söz verilir. 

İndi söylə, son söz sənin...

İbrahimov Səməndər: “Xahiş edirəm, qoca atamı nəzərə alıb, mənə yüngül cəza təyin edəsiniz. Mənə yazığınız gəlsin”.

Bayramov Asif: “Heç bir günah sahibi deyiləm. Bəraət hökmü istəyirəm”.

Mahmudov Yaşar: “Etdiyim işdən peşman olmuşam. Əlil və cavan olmağımı nəzərə alıb, cəzamı yüngülləşdirməyinizi xahiş edirəm”.

Əlimirzəyev Miriş: “2 balama yazığınız gəlsin. Nə qədər mümkündüsə, cəzamı o qədər azaldın. Acizanə xahiş edirəm”.

Mahmudov Ənvər: “Mən böhtana düşmüşəm, azad olunmağımı istəyirəm”.

Bu da hökm!

Məhkəmə bu şəxslərin işlərində bır sıra yüngülləşdirici məqamları həqiqətən nəzərə alır. Bura onların əvvəllər məhkum olunmadığı, iş yerlərindən göndərilmiş müsbət xarakteristikaları, həmçinin ailə vəziyyətləri daxil idi. 

Bayramov Asif Humay oğlu – 3 il

Mahmudov Yaşar Müseyib oğlu – 5 il

İbrahimov Səməndər Adil oğlu – 6 il

Şevçenko Nikolay İvanoviç – 5 il

Mahmudov Ənvər Məhərrəm oğlu – 4 il

Əlimirzəyev Miriş Bulud oğlu – 6 il

 

Xruşşov getdi, yaşasın Brejnev!

 

Hadisələrdən sonra baş verənlər Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin İdarə Heyətinin qapalı iclasında müzakirə olunur. Partiyanın 1-ci katibi Vəli Axundov nitqində deyir: “Yoldaşlar, hər şeydən əvvəl məsələyə siyasi qiymət vermək lazımdı. 22-ci qurultay şəxsiyyətə pərəstişi tamamilə ifşa etdi. Bundan sonra Sumqayıt küçələrində Stalinin porterləri ortaya çıxır. Bu faktdan yan keçmək, onu cinayətkar elementlərə bağlamaq səhv olardı. Bir var, insanlar tox ola, əhval-ruhiyyəsi yaxşı ola, bir də var, insanlar çörək ala bilmir”.

Bəli, 1963-cü ilin 7 noyabrında adamlar əslində, çörək istəyirdilər. Xruşşovun söyülməsi də, Stalin öyülməsi də çörək üçün bir bəhanəydi. İnsanlar, sadəcə, yaxşı yaşamaq, çəkdikləri zəhmətin əvəzini görmək arzusundaydılar. Elə buna görə, bəlkə də siyasi rəhbərliyin gizli göstərişi ilə həm Dövlət Təhlükəsizlik Komitəsində aparılan istintaqda, həm də məhkəmədə olayların üstünə çox gedilmədi.

1953-cü ilin 7 sentyabrında hakimiyyətə gələn Xruşşov idarəetmənin bağlarını əldən verdiyi üçün Sumqayıt olaylarından təxminən 1 il sonra - 1964-cü ilin 14 oktyabrında devrildi. SSRİ-nin Brejnev epoxası başladı. Bizim istintaqsa davam edir...

P.S. İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü Lent.az-da oxuyun! 

 

İstintaq davam edir -  Sumqayıt hadisələrinə həsr olunan buraxılışın tam versiyasına buradan baxa bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2486
avatar

İlham Tumas

Oxşar yazılar