GÜNÜN ŞƏRHİ
Minsk danışıqlarının nəticələrini belə yekunlaşdırmaq olar - Qərb Rusiya faktoru ilə indi və həmişə hesablaşmalı olacaq. 16 saat davam edən danışıqların sonunda imzalanan sənəd həm separatçı rejimlərin faktiki tərəf kimi tanınması, həm də Krım məsələsinə birdəfəlik aydınlıq gətirilməsi ilə diqqət çəkir. Təkcə müzakirələrin məhz separatçı rejimlərin rəhbərlərinin israrı ilə uzanmasını, yaxud sənəddə Krım məsələsinə dair maddənin yer almamasını qeyd etmək kifayətdir. “Normandiya dördlüyü” formatında aparılan danışıqların məntiqi nəticələri belədir - Rusiya kimi ərazi böyük, əhalisi çox, enerji ehtiyatları zəngin, ən əsası nüvə silahına sahib dövləti sanksiyalarla nəyəsə məcbur etmək mümkün deyil. Neftin qiymətinin ucuzlaşması, rublun dəyərdən düşməsi və Qərbin sanksiyaları Rusiyanı iqtisadi inkişaf cəhətdən geri sala bilər, lakin onu öz maraqlarının müdafiəsindən geri çəkilməyə məcbur edə bilməz. Nə qədər acı olsa da, reallıqdır. Əksinə Minsk prosesi başqa bir gerçəyi bir daha ortaya qoydu - Qərbin sonadək dəstəyinə ümid bəsləmək ağılsızlıqdır. Gürcüstandan sonra Ukraynanın timsalında buna bir daha şahid olduq. Məsələ Rusiyanın gücü ilə hesablaşmaqda deyil, məsələ bu gücün Qərbin ikili standart siyasəti nəticəsində günbəgün artmasındadır. Ən nəhayət, Minskdə aparılan danışıqlar eyforiyaya qapılaraq Ukraynanın silahlandırmağın zəruri olduğunu isbat etməyə çalışanları real düşünməyə vadar etməlidir. Ukraynanın Qərb tərəfindən silahlandırılmasının hansı nəticələr verə biləcəyini düşünmək belə qorxuncdur. Bu fikirlər tərəf tutmaq deyil, günün siyasi reallıqlarıdır. Və təəssüf ki, bu reallıqların heç biri haqlı olan tərəfin - Ukrayna xalqının lehinə deyil. Elə bir neçə il öncə Gürcüstanda olduğu kimi...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Fevral
81