Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Elçin Lazımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, bu ilin aprelində Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Rəvan Əliyev Nizami rayonundakı kafelərdən birində öldürülüb. Məlum olub ki, Rəvan Əliyev qayınatası Elçin Lazımov tərəfindən qətlə yetirilib. Onun bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib.
Qətl Rəvan Əliyevin işlədiyi “Mil” kafesində törədilib. Hadisəni törədən Elçin Lazımov isə “Azəriqaz”ın əməkdaşı olub. Hadisə yerindən qaçmağa cəhd etməyən E.Lazımov kafenin yanında polisin onu aparmağa gəlməsini gözləyib.
Bildirilir ki, qətldən bir müddət öncə Rəvan Əliyev və Elçin Lazımov çay süfrəsi arxasında söhbət ediblər. Aydın olub ki, Elçin Lazımovun qızı ilə cəmi bir ildir ailəli olan Rəvan arasında münaqişə olub. Nəticədə Elçin Lazımovun qızı ər evindən gedib. Bu məsələ atanı çox qəzəbləndirib, ona görə də məsələyə aydınlıq gətirmək üçün kafeyə gəlib və qanlı cinayəti törədib.
Elçin Lazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.