Qanunvericiliyi pozan QHT, dini qurum və partiyaları böyük məbləğdə cərimələr gözləyir
Bu gün Milli Məclisin iclasında “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” və İnzibati Xətalar Məcəlləsinə qanunlara dəyişiklik müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, hər 4 qanun layihəsində məzmunca eyni dəyişikliklər nəzərdə tutulub. “Qrant haqqında” edilən dəyişikliyə görə, “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna ianələr və qrantlarla bağlı yeni maddə əlavə olunub. Həmin maddədə qeyd edilir ki, ianə - qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona bu qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır. Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Qeyri-hökumət təşkilatına ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yola maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən, başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilir. Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlər “Qrant haqqında” qanun ilə tənzimlənir.
“Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliyə gəlincə, dəyişikliyə əsasən, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. Sənəddə o da qeyd edilir ki, “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.
Bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişiklik edilir. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək. Bu cərimə “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına şamil edilmir. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimələnəcək. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimələnəcək. Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatlarına nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.
Qanun layihələri barədə məlumat verən millət vəkili Çingiz Qənizadə bildirib ki, bu, çirkli pulların qarşısını alacaq. Onun sözlərinə görə, qanun layihələrində ilk dəfə ianə məfhumu açıqlanacaq: “Əks arqumentlər də dinlənilib. Bu qanunların qəbulundan sonra onların da arqumentləri nəzərə alınacaq. Bu qanun layihələri hazırlanarkən bir sıra ölkələrin, o cümlədən İngiltərə, ABŞ və Rusiyanın təcrübəsinə baxdıq. Bu ölkələrdə çoxdan belə tələblər qoyulub və ölkəyə daxil olan pullar üzərində müəyyən dövlət qurumları nəzarət həyata keçirirlər”.
Çingiz Qənizadə nəzərə çatdırıb ki, Mərkəzi Bank dekabr ayında Maliyyə-monitorinq xidmətinin daxili qaydalarında dəyişiklik edərək belə vəsaitlərə nəzarət etməyə başlayıb: Bəzən həmkarlarım deyirlər ki, bu pulların üzərində dövlət niyə nəzarət həyata keçirməlidir?! Rusiyada Beslan və Nort-Host hadisələri araşdırılan zaman məlum oldu ki, həmin silahlı birləşmələrə xaricdən yardım olub. Burada QHT və dini qurumlara verilən maliyyə bank əməliyyatı ilə köçürülməsindən söhbət gedir, hər hansı qadağa qoyulmayıb”.
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bu dəyişikliklər qeydiyyata alınmayan QHT-lər tərəfindən ciddi etirazla qarşılanıb: “Bu yaxınlarda 3 nəfər mənə müraciət edib ki, yaratdıqları QHT-lər qeydiyyata alınmayıb. Hər 3 nəfərə cavab verilib ki, yaradılan QHT-nin adı məzmununa uyğun gəlmədiyi üçün qeydiyyata alınmır. Biz hər min nəfərə düşən QHT-nin sayına görə Gürcüstandan 3 dəfə, Avropa ölkələrindən 8-9 dəfə geridə qalırıq. Ədliyyə Nazirliyi niyə QHT-lərin qeydiyyata alınmasına problem yaradır? Bir zaman KİV-lərlə bağlı problem vardı, bu, asanlaşdırıldı. İndiki dəyişikliklər qəbul edilərsə, qeydiyyatdan keçməyən QHT-lər üçün ciddi problem yaranacaq. Ona görə mövcud real vəziyyəti nəzərə alaraq QHT-lərin qeydiyyatını sadələşdirməliyik. Yoxsa indiki halda bu düzəlişləri qəbul etməyimiz xeyli ciddi problemlər yaradacaq”.
Millət vəkili Fazil Mustafa deyib ki, əslində bu dəyişikliklər paketi dövlətlə işləyən, dövlət qurumlarından dəstək alan QHT-lərin fəaliyyətinə mane olacaq: “Onsuz da hansısa QHT xarici kəşfiyyat orqanı ilə işləyirsə, onlara pul sənədlə verilmir ki?! Cərimələr QHT-lərin aldığı qrantdan 2 dəfə çox olacaq. Bu qədər pulu haradan alacaqlar? QHT-lər 19 hesabat verirlər, əlavə hesabat verməyə nə gərək var? Cərimə və müsadirədən söz gedir. Bu, cərimələrin ödənilməməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli olacaqlar. Dövlətlə münaqişə vəziyyətində olmayan QHT-ləri sıradan çıxarmaq hansı məqsədə xidmət edir? Digər tərəfdən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan QHT-lərin sayı 5-3 dənədir. 200 manat ianə məsələsi bütün QHT-lərə tətbiq edilməlidir, qoy onlar da ianə ala bilsinlər. Həm də ianə məqsədli verilir, məqsədlə verilmirsə, bu, rüşvətdir. Bunu qanun layihəsində yazılması absurddur. Kimlərsə hansısa QHT-yə 201 manat ianə versə, həm ianə verən, həm də QHT məsuliyyət daşıyacaq. Burada daha çox cilalanmış variant qəbul olunmalıdır. İanəyə görə məsuliyyət nəzərdə tuta bilmərik”.
Fazil Mustafa dini qurumlarla bağlı məsələni də yersiz sayıb: “Milli Təhlükəsizlik Nazirliyi var, kimin hara işləməsini bu dövlət orqanları müəyyənləşdirməlidir”.
Millət vəkili Fərəc Quliyev də öncə çıxış edən millət vəkillərinin mövqeyini dəstəklədiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qeyd edib ki, bu təkliflərə normal yanaşanlar da, siyasi xarakterli sayanlar da var. Onun sözlərinə görə, bəzi QHT-lər məqsədyönlü şəkildə bu dəyişiklikləri siyasiləşdirir: “Guya dövlət QHT-lərə qarşı total hücuma keçir. Dövlətin siyasətini həyata keçirən Şura 5 ildir ki, QHT-ləri dəstəkləyir. Etiraz edənlərə baxsaq, görərik ki, Şura son 5 ildə bu QHT-lərə də dəstək verib. QHT-lər fəaliyyətlərində şəffaflığı artırmalıdırlar. Nağdsız hesablaşma məhz bank vasitəsi ilə əməliyyatların aparılmasını nəzərdə tutur. Hansısa dini qurum, siyasi qurum nəğd maliyyə vəsaiti alırsa, şəffaflığı şübhə yaradır”.
Azay Quliyev vurğulayıb ki, istənilən donor qrant verdiyi QHT ilə müqavilə bağlamalıdır: “QHT şəffaflıqda maraqlı olmalıdır. Hesabatlılığa gəlincə, hər bir qurum öz fəaliyyəti ilə bağlı hesabat verməlidir. Dövlət də bilməlidir ki, hansı sahəyə nə qədər vəsait ayrılmalıdır. Təcrübədə ianə 50-100 manat olur, 200 manat normaldır. ABŞ-da anonim ianə 150 dollardan yuxarı deyil. Hətta İspaniyada, ABŞ və Yaponiyada siyasi partiyaların xaricdən ianə alınmasına qadağa qoyulub”.
Şura sədri təkliflə də çıxış edib: “Bəlkə də 200 manat ianə yalnız xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan QHT-lərə yox, digər QHT-lərə də şamil edilsin. Çünki sosial və ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərə də ianələr verilə bilər. Digər tərəfdən QHT-lərin qeydiyyatı ilə bağlı yaradılmalıdır. Ancaq bəzi QHT-lər özləri qeydiyyatdan keçmək istəmir. Məsələn, Leyla Yunus Sülh və Demokratiya İnstitutunu qeydiyyatdan keçirmək istəmir, çünki hesabat verməlidir. Onu da nəzərə çatdırım ki, Şura hazırda Maliyyə Nazirliyi ilə illik dövriyyəsi 10 min manatı keçməyən QHT-lərin hesabat verməməsi ilə bağlı müzakirə aparır. Ümumiyyətlə isə fəaliyyətində qaranlıq məqamlar olmayan QHT-lər niyə hesabat verməkdən çəkinsinlər?”
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərin məqsədinin hesabatlılıq və şəffaflıqla bağlı olduğunu vurğulayıb: “Qüdrət Həsənquliyev və Fazil Mustafanın səsləndirdiyi fikir ağlabatandır. Bu, QHT-lərin qeydiyyatın asanlaşması ilə bağlıdır. Məsələ burasındadır ki, indi narazılıq kimi söylənilən qeydiyyatsızlıq məsələsindən elə həmin QHT-lər özləri faydalanırlar. Tutaq ki, Ədliyyə Nazirliyi eyni adla iki QHT-nin olmaması üçün başqa variantı seçməyi təklif edir. Bu qanun layihəsi ancaq şəffaflıqla bağlıdır. Bu qanun qeydiyyatla bağlı deyil, qeydiyyatı da asanlaşdıracaq. Qanun qəbul edilərsə, təhlükəsizlik orqanlarının da müdaxiləsinə ehtiyac qalmır. Mən o məntiqlə razılaşmıram ki, cərimə çoxdur, QHT-nin bu qədər cəriməni ödəməyə imkan yoxdur. Deməli, hansısa QHT xətanın hansı ərimə ilə nəticələnəcəyini görür, ancaq bunu bilə-bilə bu xətaya yol verir”.
Millət vəkili Tahir Rzayev qeyd edib ki, bu gün dünyada islama qarşı mübarizə gedir: “ABŞ-da Quran yandırıldı, ABŞ-da müəyyən qurumlar Azərbaycanda islama qarşı mübarizə aparan QHT-lərə maliyyə verə bilərlər. Yaxud Norveçdə islama qarşı düşmən münasibət bəsləyən biri insanları öldürdü, çox az müddətə azadlıqdan məhrum edildi. Biz bu məsələləri nəzərə almalıyıq”.
Millət vəkili Musa Qasımlı qeyri-ənənəvi dini cərəyanlarla bağlı qurumlara diqqət yetirməyi zəruri sayıb. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, 1990-cı illərdə Azərbaycanda 3-4 QHT olub, onların da fəaliyyəti heç bir qanunla tənzimlənməyib: “Biz bunun qanunla tənzimlənməsi yollarını axtardıq. Nəhayət, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun qəbul edildi. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaradılıb. Dövlət QHT-lərə dəstək verir. Bu qanun layihələrində də məqsəd şəffaflığa nail olmaqdır. Bir sıra ölkələrdə Azərbaycanda sabitliyi pozmaq üçün vəsait ayırırlar. Ona görə də bəzi insanlar bu layihələri dəstəkləmirlər. Bir məqamı qeyd edim. Biz burada xeyriyyəçilik məsələsini yazsaq, QHT-lərin fəaliyyətini məhdudlaşdırmış oluruq. Biz “Sosial xidmət haqqında qanunda” QHT-lərin bu işə cəlb olunmasını təmin etdik. Bu, QHT-lərin inkişafı baxımından vacib addımdır. Digər tərəfdən, ianənin miqdarı ilə bağlı 200 manat məbləği artırılsa, yaxşı olar”.
Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, əsas məqsəd ölkəyə gələn pulun təyinatı üzrə istifadə edilməsidir, başqa məqamlar axtarmaq yersizdir. O deyib ki, ABŞ-da da analoji məzmunlu qanun mövcuddur.
Çingiz Qənizadə cərimələrin məbləğinin çox olduğu barədə iradlara yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələri xatırlatmaq cavab verib: “Biz qaydaların pozulmasına görə 20, 60 manat cərimə tətbiq edəndə “Jiquli” və “Cip” avtomobillərə fərq qoyduq?”
Hər dörd sənəd səsverməyə çıxarılaraq qəbul edilib.