Millət vəkili Qənirə Paşayeva AŞPA sessiyasında təşkilatı azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün Ermənistana təzyiq etməyə çağırıb. Lent.az-ın məlumatına görə, bu gün AŞPA-nın yaz sessiyasının ilk günündə məruzəçi P.Agramundun hazırladığı “Progress Report” müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək qeyd edib ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçirilib: "Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından, əziz dostlar, sizdən dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız”.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərlərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq, münaqişənin həlli ilə bağlı heç bir nəticə və irəliləyiş yoxdur. Buna səbəb Ermənistanın Asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməsini uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Bir neçə gün əvvəl Ermənistanın atəşkəs rejimini yenidən pozaraq mülkü insanları snayperlərlə hədəfə alması nəticəsində mənim millət vəkili olaraq təmsil etdiyim bölgədə bir neçə mülki vətəndaş öz evində, öz həyətində yaralandı. Avropa Şurası bu məsələyə laqeyid yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin,1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi, bəlkə də bu günə qədər yüzlərlə mülki insan öz həyatını itirməyəcəkdi. Ona görə də biz sizi bu mövzuya diqqət ayırmağa, bununla bağlı da müzakirələrin aparılmasına çağırırıq. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar”.