Pənah Hüseyn: “Elçibəy Tetçerlə sərt danışmışdı”-FOTO
08 aprel 2013 18:56 (UTC +04:00)

Pənah Hüseyn: “Elçibəy Tetçerlə sərt danışmışdı”-FOTO

0

 

Bu gün Böyük Britaniyanın “Dəmir ledi” ləqəbli sabiq baş naziri Marqaret Tetçer vəfat edib. Marqaret Tetçer həm də Böyük Britaniya ilə yeni müstəqillik qazanmış Azərbaycan arasında əlaqələrin qurulmasına xüsusi rolu olan siyasi xadim kimi yadda qalıb. O,1992-ci ilin sentyabrında Bakıda da olub.

 Həmin dönəmdə “Dəmir ledi” ilə danışıqlarda iştirak etmiş şəxslərdən biri də sabiq baş nazir Pənah Hüseyndir.

 

Pənah Hüseyn Lent.az-a açıqlamasında deyib ki, Marqaret Tetçer 20-ci əsr və son dövr siyasətində çox ciddi iz qoymuş bir siyasətçi, dövlət xadimidir.

“Marqaret Tetçerin adı  kommunist sisteminə qarşı mübarizədə, keçmiş SSRİ-nin dağılmasında ABŞ-ın sabiq prezidenti Ronald Reyqanla birgə çəkilir. Azərbaycan müstəqillik qazandıqdan sonra, Marqaret Tetçer Azərbaycan-Böyük Britaniya münasibətlərinin qurulmasında ciddi rol oynayıb. Xüsusilə o dövrdə həyata keçirilməyə başlanan Azərbaycanın neft strategiyasında transmilli neft kampaniyalarının lobbiçiliyini edib. Bir məqamı qeyd etmək istəyirəm. O dövrdə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, sonra Azərbaycan Respublikasının prezidenti seçilmiş Əbülfəz Elçibəyin xanım  Tetçerə bir dövlət adamı və siyasətçi olaraq xüsusi simpatiyası vardı. Əbülfəz Elçibəyin bu münasibəti həmin dövrdə həm neft strategiyasının müəyyən olunmasında, həm Azərbaycan-Böyük Britaniya münasibətlərində müəyyən iz buraxırdı. Təsadüfi deyil ki, o dövrdə neft müqavilələri ilə bağlı danışıqlarla əlaqədar Marqaret Tetçer Azərbaycanda olmuş, prezident Əbülfəz Elçibəy tərəfindən qəbul edilmiş, onun şərəfinə böyük ziyafət verilmişdi. Mən dövlət katibi olarkən həmin mərasimlərdə də, danışıqlarda da iştirak etmişdim”.

Pənah Hüseyn qeyd edir ki, 1993-cü ilin may ayında artıq baş nazir kimi Londonda rəsmi səfərdə olub, transmilli neft şirkətləri ilə danışıqlar aparıb. Eyni zamanda iyun ayının əvvəllərində neft müqavilələrinin imzalanması ilə əlaqədar son yekun müzakirələr aparılıb: “Həmin dövrdə Böyük Britaniya neft kampaniyaları vasitəsi ilə regionun siyasətinə, Qarabağ münaqişəsinə, Azərbaycan-Ermənistan münasibətlərinə də daxil olurdu və vasitəçilik rolu oynamaq istəyirdi. O dövrdə mənim Ermənistanın baş naziri Qrant Baqratyanla görüşüm planlaşdırılmışdı. Sonradan bu görüşün baş tutması üçün Azərbaycan tərəfindən müəyyən problemlər yarandı. Mənim proqramıma Marqaret Tetçerin şəxsi malikanəsində görüş də salınmışdı. Bu yaranmış situasiya ilə əlaqədar 30-45 dəqiqəlik görüş 2,5-3 saata qədər uzandı. Böyük Britaniya Xarici İşlər Nazirliyinin Marqaret Tetçerin vasitəsi ilə Bakı ilə danışıqları oldu, prezident Əbülfəz Elçibəyə çıxmaq cəhdləri oldu. Azərbaycanın baş naziri olaraq mənə Marqaret Tetçerin şəxsi malikanəsində onun qonağı kimi söhbət etmək, müzakirələr aparmaq, çay süfrəsində iştirak etmək nəsib olub. Marqaret Tetçer totalitarizmə qarşı yeni çağdaş siyasi mədəniyyətin dünyada yayılması prosesinin aparıcı simalarından, o cümlədən Azərbaycan siyasətində rol oynamış mərd siyasətçilərindən biri kimi tarixdə qalacaq. Mən Tetçerin Azərbaycan-Böyük Britaniya münasibətlərində müsbət rolunu xüsusi qeyd etmək istəyirəm”.

    

Bəs “Dəmir Ledi” ləqəbli Marqaret Tetçer həmin görüşdə bir insan kimi Pənah Hüseyndə hansı təəssüratı yaradıb?

Pənah Hüseyn bir məqama xüsusi diqqət çəkir: “Marqaret Tetçer həmin vaxt baş nazir deyildi. Digər tərəfdən, Əbülfəz Elçibəy də bir az yumşaq prezident kimi tanınırdı. Amma mən olduğum görüşdə Londonda Azərbaycan və Ermənistan arasında danışıqların təşkil edilməsi ilə bağlı Marqaret Tetçerlə Əbülfəz Elçibəy arasında təmas qurulan zaman Elçibəy sərtlik nümayiş etdirmişdi. Mənim şahidi olduğum belə bir tarixi məqam olub. Amma  “Dəmir Ledi” ləqəbli ləqəbini qazanması təsadüfi deyildi. İlk növbədə kommunist düşərgəsinə qarşı sərt mövqeyi ilə əlaqədar bu ləqəbi qazanmışdı. Bir çox başqa qadın siyasətçilər də onu bir standart kimi qəbul edirdilər. Məsələn, Türkiyənin baş naziri Tansu Çillərə Türkiyənin “Dəmir Ledi”si adlandırılırdı. Ümumiyyətlə, qadın liderlərdən söhbət gedirsə, bəlkə də 20-ci əsr üçün standartlardan biri  Marqaret Tetçerdir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2073

Oxşar yazılar