İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirildi.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakının Nizami rayonunda M.X.Şərifli küçəsi, ev 92 ünvanında Orxan Qəhrəmanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Bakı şəhəri Nizami rayonunda Qara Qarayev prospekti, 2528-ci məhəllədə Zaur Məsimova məxsus “Esmanur” mağazasında, A.Məhərrəmov küçəsi, ev 64 ünvanında “Karona Ltd” MMC-yə məxsus “Panda” mağazasında, Şirvan şəhərində isə M.Ə.Rəsulzadə küçəsində Məhəmməd Məmmədova və Murad Mirzəyevə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib. Ümumilikdə, monitorinqlər zamanı 100 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.