Bir neçə saat öncə Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində 8 il 4 ay müddətində həbs qərarı verilən Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. A.Kəsəmənlinin qardaşı Reşat Kəsəmənli məsələyə münasibət bildirərkən uzunmüddətli həbs qərarının hansısa məmurun sifarişi olduğunu deyib: “Qardaşıma 8 il 4 ay iş verilib. Adama deyərlər, hansı haqla? Bu həbsi əsaslandırın ki, niyə həbs edirsiz. Hansı dəlil sübutlara görə Araza 8 il 4 ay? Heç bir sübut yoxdur. Sübut olmadan insanı məsuliyyətə cəlb etmək olar? Məncə bu kiminsə sifarişidir. Belə vicdansızlıq olar? Vəzifəsindən istifadə edib, insanların həyatı ilə oynamaq olar? Bu cür gözəl dövlətdə yaşayırıq. Bizim gözəl dövlət başçımız var. Bu dövləti layiqli şəkildə idarə edənlər var. Yəni bu məmurlar bu qədər məhəl qoymurlar heç kimə? Mən hər bir vasitə ilə Prezidentimizə çıxış yolu axtarıram. Dövlət başçımızın bundan xəbəri olsun ki, məmurlar özbaşınalıq edir. Onların cəzasını versin”.
R.Kəsəmənli bir müddət öncə Lent.az-a müsahibəsində “qardaşım həbs olunsa, özünü asacaq” demişdi.
Qeyd edək ki, A.Kəsəmənli 2013-ci il sentyabrın 17-də qardaşı Reşat Kəsəmənli və dostu Valehlə toya getdikləri zaman şöbəyə aparılıb. Hadisədən bir neçə saat sonra Reşat və Valeh buraxılsa da, Araz Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə istintaqa cəlb edilib.