Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, toplantıda Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan - general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstəsi qoyublar. Sonra “Şöhrət” muzeyində Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olublar.
Akademiyanın akt zalının foyesində İkinci Dünya müharibəsindən görüntüləri əks etdirən fotosərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bayram tədbiri Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
MTN-in Heydər Əliyev adına Akademiyasının rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir iştirakçılarını faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə təbrik edib. Qeyd olunub ki, belə bir tədbirin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təşkil edilməsinin xüsusi mənası və gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti var.
Diqqətə çatdırılıb ki, faşist Almaniyasının keçmiş Sovetlər Birliyinə hücum planlarında Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirilb Bu da səbəbsiz deyildi, alman komandanlığı Bakı neftinə böyük önəm veririb. Məhz buna görə də faşistlər Bakını 1941-ci ilin sentyabr ayının sonunadək, yəni müharibə başlanan gündən üç ay müddətində işğal etmək niyyətində idilər. Bu ərəfədə qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, xalqımız bu qanlı müharibənin əvvəlindən sonunadək fəal iştirak edibr. Azərbaycanın bütün canlı qüvvəsi və maddi sərvətləri bütünlüklə faşizmə qarşı müharibəyə cəlb edilib. İ.Allahverdiyev bildirib ki, müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə gediblər. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazılıb və artıq 1941-ci ilin sonunda bu dəstələrdə 187 min nəfər döyüşçü vardı. Onlardan 30 mindən çoxu qadınlar idi. Ümumilikdə isə 1941-1945-ci illərdə Azərbaycandan Sovet Ordusu sıralarına 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilib. Müharibənin əvvəlində azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı diviziyalar formalaşdırılıb, 227 və 346-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil ediblər.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər daha çətin hərbi əməliyyatların getdiyi, odlu-alovlu cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Stalinqrad şəhərləri, Ukrayna, Belarus, Pribaltika respublikaları uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərib, onların hərbi texnikasının və canlı qüvvəsinin məhvində, yaşayış məntəqələrinin işğaldan azad olunmasında və Berlinin süqutunda fəal iştirak ediblər. Bu yolda çoxları fədakarlıqları, ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar. Azərbaycanın oğul və qızları döyüş cəbhələrinin bütün istiqamətlərində igidliklə vuruşublar. Bir faktı xatırlatmaq kifayətdir, faşistlərin ilk gündən xaincəsinə hücumlarının qarşısının alınmasında 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak edib və son nəfəsədək qala uğrunda mərdliklə döyüşüblər. 1941-ci ildə Novqorod yaxınlığındakı döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Müharibə dövründə 3 mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada, Yuqoslaviyada və başqa dövlətlərin ərazilərində müqavimət hərəkatında və partizan dəstələrində faşistlərə qarşı igidliklə vuruşublar. Onlardan Mehdi Hüseynzadəni, Əhmədiyyə Cəbrayılovu və başqalarını göstərmək kifayətdir.
Qeyd edilib ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın adamdan 300 mindən çoxu həlak olub və itkin düşüb. Müharibədə göstərdikləri şücaətə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni, 170 min Azərbaycan əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları - İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Hüseynbala Əliyev, Qafur Məmmədov, İdris Süleymanov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni səhifələr yazıblar. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut edib.
Vurğulanıb ki, mübaribə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və hərbi texnikanın motor yağı və benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. Daha dəqiq desək, o dövrdə Sovetlər Birliyində istehsal edilən neftin 70-75%-i, benzinin isə 85-90%-i Azərbaycanın payına düşürdü.