8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bağlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, onlardan biri sözləri Q. Paşayevaya, musiqiləri əməkdar artist Elza Seyidcahana məxsus olan “Həyata küsmə” albomudur. Alboma 11 mahnı daxildir. Bu mahnılardan 6-na çəkilmiş və müxtəlif zamanlarda nümayiş etdirilmiş kliplər ayrıca disk şəkilində albomda öz əksini tapır. Mahnıları Azərbaycanın əməkdar artisti Elza Seyidcahanla yanaşı tanınmış gənc sənətçilər Ramal İsrafilov, Vüsal Hacıyev də ifa ediblər.
Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın dəstəyi və təşkilatçılığı ilə işıq üzü görən albomun martın 6-da saat 14.30-da Muğam Klubda (Qız Qalasının yanında) təqdimat mərasimi keçiriləcək.
Martın 6-də saat 18.00 da isə Park Bulvarda imzalanma mərasimi olacaq .
Millət vəkili Qənirə Paşayeva bu albomun satışından əldə olunan bütün gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.