Mayda hansı çaylarımız daşacaq? – SİYAHI
08 may 2013 14:52 (UTC +04:00)

Mayda hansı çaylarımız daşacaq? – SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayında çaylar üzrə proqnozların özünü doğrultması və may ayında gözlənilən sululuqla bağlı məlumat yayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprel ayı ərzində ölkə ərazisində yağıntının miqdarı əksər bölgələrdə normaya yaxın və normadan aşağı, Bakıda və Abşeron yarımadasında normadan çox, temperatur isə iqlim normasından 0,4-2 dərəcə yüksək olub.

 

Ayın birinci ongünlüyü ərzində temperaturun yüksəlməsi və orta dağlıq ərazilərdə qarın əriməsi nəticəsində çaylarda sululuğun artımı baş verib. Aprel ayının 2-ci ongünlüyündə hava şəraiti yağıntılı keçib, temperatur aşağı düşüb, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağıb. Bu müddət ərzində çaylarda sululuğun nisbətən azalması müşahidə olunub. Lakin Lənkəran-Astara bölgəsinin çaylarında sululuğun artımı qeydə alınıb. Aprel ayının 3-cü ongünlüyünün ikinci yarısında yenidən temperaturların yüksəlməsi müşahidə olunub. Aprel ayı üzrə çaylarda gözlənilən sululuğa dair verilmiş hidroloji proqnozun özünü doğrultması 87 faiz təşkil edib. Aprel ayı üçün hazırlanmış aylıq meteoroloji proqnoz temperatur üzrə 96 faiz, yağıntı üzrə 88 faiz, ümumilikdə isə 92 faiz özünü doğrulub. 


Kür çayının Qıraqkəsəmən məntəqəsində müşahidə olunan orta aylıq su sərfi 425 m3/s təşkil etmişdir ki, bu da verilmiş proqnoz hədlərindən aşağı olub (proqnoz 460-560 m3/s). Kür çayının Qıraqkəsəmən məntəqəsi üzrə gözlənilən axım proqnozu Gürcüstan Hidrometeorologiya Departamentinin Kür çayının Tbilisi məntəqəsi üçün hazırladığı axım proqnozu əsasında verilib. Faktiki müşahidə olunan orta aylıq su sərfinin verilmiş proqnoz hədlərindən aşağı olması Gürcüstan ərazisində Kürün hövzəsi üzrə toplanan qar ehtiyatı haqqında məlumatların tam olmaması ilə bağlıdır.
Qanıx çayının Əyriçay məntəqəsində müşahidə olunan orta aylıq su sərfi 132 m3/s təşkil etmişdir ki, bu da verilmiş proqnoz hədləri daxilində olub (proqnoz 130-170 m3/s). Araz çayının Qıvraq məntəqəsində müşahidə olunan orta aylıq su sərfi 213 m3/s təşkil edib ki, bu da verilmiş proqnoz hədləri daxilində olub(proqnoz 190-260 m3/s).
 

Şəki-Zaqatala bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 3,98 m3/s (proqnoz-3,0-7,0 m3/s), Quba-Qusar bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 5,63 m3/s (proqnoz - 3,5-9,0 m3/s), Daşkəsən-Gədəbəy bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 4,86 m3/s (proqnoz - 2,5-8,5 m3/s) Naxçıvan MR bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 2,6 m3/s (proqnoz -2,0-10,0 m3/s), Lənkəran-Astara bölgəsi çaylarında faktiki orta aylıq su sərfi 11 m3/s (proqnoz -5,0-18,0 m3/s) təşkil edib və özünü doğruldub.
Mingəçevir su anbarının aprel ayı üçün səviyyəsi 75,6 metrdən 76,86 metrə qədər artıb. 

 Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun tərtib etdiyi proqnoza əsasən may ayında respublika ərazisində yağıntıların normaya yaxın, bəzi yerlərdə normadan bir qədər çox, temperaturun isə kiçik müsbət və mənfi fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.  Gürcüstan Hidrometeorologiya Departamentinin məlumatına əsasən may ayında Gürcüstanın şərq rayonlarında yağıntıların və temperaturun normaya yaxın olacağı gözlənilir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 420-520 m3/s (normanın 61-76 faizi), Qanıx çayının Əyriçay məntəqəsində su sərfi 120-200 m3/s (normanın 59-98 faizi), Araz çayının Qıvraq məntəqəsində isə su sərfi 120-200 m3/s (normanın 30-50 faizi) gözlənilir.  Şəki-Zaqatala bölgəsinin çaylarında su sərfi 3,0-7,0 m3/s (normanın 72-110 faizi), Quba-Qusar bölgəsinin çaylarında su sərfi 5,5-10,0 m3/s (normanın 61-100 faizi), Daşkəsən-Gədəbəy bölgəsinin çaylarında su sərfi 5,5-10,0 m3/s (normanın 56-88 faizi), Naxçıvan MR çaylarında su sərfi 3,0-12,0 m3/s (normanın 34-69 faizi), Lənkəran-Astara bölgəsinin çaylarında isə su sərfi 2,0-6,5 m3/s (normanın 43-84 faizi) gözlənilir. May ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda dağlıq ərazilərdə gözlənilən leysan xarakterli yağışlar nəticəsində çaylarda sululuğun artacağı, Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay) və şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Qaraçay) çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860
avatar

Oxşar yazılar