Bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayıblar. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, bu barədə hadisə vaxtı İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev məlumat verib. Onun sözlərinə görə bir neçə nəfər “bozqurd” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxslər, polis! qışqıraraq onları yerə yıxıblar, İsgəndər Həmidovun isə qollarını buraraq maşına oturdurublar.
E.Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyib: “Güman olunur ki, sabiq daxili işlərinin və keçmiş siyasi məhbusun həbsi dünən Novxanıda keçirilən mitinqdə hakimiyyətin ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlıdır”.