Osaküçə meşəbəyliyinin sahə müfəttişi işdən azad olunub, 10 saylı dolayın mühafizə yegerinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Bəliton kənd sakini Heydərov Akif tərəfindən Hirkan Milli Parkının Osaküçə meşəbəyliyinin 10 saylı dolayında ağacların qırılması barədə daxil olmuş şikayət nazirliyin tabeli qurumlarının və bir neçə qeyri-hökumət təşkilatının nümayəndələrindən təşkil olunmuş Komissiya tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Komissiyanın apardığı araşdırma zamanı Hirkan Milli Parkının Osaküçə meşəbəyliyinin 8, 8a və 10 saylı dolaylarında 17,24 m3 həcmində 254,89 manat köküstə nırx dəyərində 7 ədəd müxtəlif cinsli və diametrli ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Bununla əlaqədar Hirkan Milli Parkının direktor və mühafizə üzrə direktor müavininə qarşı inzibati tənbeh tədbirləri görülüb.
Qeyd edək ki, Komissiya tərəfindən keçirilən araşdırmadan bir müddət əvvəl Milli Parkın əməkdaşları sözügedən ərazilərdə mühafizə vəziyyətinə baxış keçirən zaman da Osaküçə meşəbəyliyinin 10 saylı dolayında 94 ədəd qanunsuz ağac kəsintisi faktı aşkarlanıb. Qanunsuz qırıntıya yol verdiklərində görə cavabdeh şəxslər - Osaküçə meşəbəyliyinin sahə müfəttişi Havif Ağayev işdən azad olunub, 10 saylı dolayın mühafizə yegeri Hüseyn Quliyevə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan başqa, Osaküçə meşəbəylinin 8 saylı dolayında 4 ədəd yaşköküstə ağacı qanunsuz kəsdiyinə görə Lənkəran rayon Horavec kənd sakini Pərviz Baxşiyev barəsində akt və protokol tərtib edilərək inzibati qaydada 1000 manat məbləğində cərimələnib. Təbiətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün sənədlər Lənkəran rayon Məhkəmə İcraçıları Bölməsinə göndərilib.