***
16.04
Yol qəzası nəticəsində dünyasını dəyişmiş millət vəkili Hikmət Atayevin dəfn mərasimi başlayıb.
APA-nın bölgə müxbirinin məlumatına görə, yas mərasiminə YAP icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkilləri Hadı Rəcəbli, Kamilə Əliyeva, Musa Quliyev və başqaları, ətraf rayonların icra başçıları və digər rəsmi qurumların rəhbərləri iştirak edirlər.
H. Atayev Zaqatala şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, dünən Balakən-Gürcüstan sərhəd yolunda Hikmət Atayevin idarə etdiyi “VAZ-2106” markalı maşın “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005 – 2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.